“Qaxın mineral suyu bütün dünyada tanınır, biz isə içməyə su tapmırıq”- FOTOSLAYD

“Qaxın mineral suyu bütün dünyada tanınır, biz isə içməyə su tapmırıq”- FOTOSLAYD

Artıq bir aydır ki, Qax şəhərinin bir neçə məhəlləsində, xüsusilədə Heydər Əliyev prospektindəki yaşayış binalarının sakinləri su üzünə həsrət qalıblar. SİA-nın bölgə müxbirinin xəbərinə görə, susuz qalan sakinlər bu gün Qax rayon İcra Hakimiyyətinin qarşısında aksiya keçiriblər.

İnsidentsiz keçən aksiya iştirakçıları ilə söhbət zamanı sakinlər Nurəddin Ələmov, Adilə Nəzirova, Ruslan Əfəndiyev vəziyyətin bu həddə çatmasının səbəbini belə izah ediblər: "Bir aydır su qeyri-müəyyən saatlarda, az bir müddətə verilirdi. Biz də birtəhər yola veriridik. Bir neçə gündür ki, su tamamilə kəsilib. Qaxın mineral suyu bütün dünyada tanınır, biz isə içməyə su tapmırıq. Səbəb kimi hərdən bir bəhanə gətirirlər. Gah deyirlər su borularında problem var, bəzən isə su pulunun tam yığılmamasını səbəb göstərirlər".

Digər sakinlər Ruslan Əfəndiyev, Hacımurad Musayev, Mahir İlyasov, Vahid Rəsulov, Zaman Rəşidov isə su probleminin bilərəkdən yaradıldığını bildiriblər: "2008-2009 və 2010- cu illərin su pulunu odəmişik. Bizə deyirlər ki, 2005-2006-cı ildən sizin borcunuz qalıb. Bina evində hər şey balaca otaqlarda yerləşdirilib, bu antisanitariya şəraitində necə yaşamaq olar. Heç bir rəsmi şəxs bizi qəbul etmir, şikayətimizə baxan yoxdur. Biz də məcbur qalıb burada aksiya keçiririk ki, bəlkə səsimizi eşitsinlər".

Vətəndaşlar su sayğacının qoyulmamasından da şikayətləniblər: "Biz tələb edirik ki, sayğac qoyulsun, aidiyyəti qurumlar isə müxtəlif bəhanələrlə bundan yayınırlar".

Bütün xəbərlər Facebook səhifəmizdə