“Gənc Alimlərin I Respublika İnnovativ İdeya Yarmarkası” keçiriləcək

“Gənc Alimlərin I Respublika İnnovativ İdeya Yarmarkası” keçiriləcək

Elmi gəncliyin imkanlarının üzə çıxarılması, maraqların gerçəkləşməsi istiqamətində praktiki yardım, elmi tədqiqatçıların aktivliyinin və elmə marağın artırılması, elmdə rəqabət mühitinin formalaşması, eləcə də elmi problemlərin ictimaiyyətin diqqətinə çatdırması mövzuları 18-23 noyabr 2010-cu il tarixlərində Bakıda keçirilməsi nəzərdə tutulan "Gənc Alimlərin I Respublika İnnovativ İdeya Yarmarkası" nın əsas istiqamətləridir.

SİA-nın məlumatına görə, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, AMEA Rəyasət Heyəti, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin birgə təşkilatçılığı ilə gerçəkləşəcək yarmarkada AMEA institutlarında, eləcə də ölkəmizin müvafiq təşkilatlarında çalışan gənc alim və tədqiqatçılar elmi məqalə, tezis və təqdimatla iştirak edərək öz bacarıqlarını nümayiş etdirə biləcəklər.

Tədbirdə "Elm çətiri altında: Gənc alim və tədqiqatçıların innovativ inkişafı üçün intellektual potensialın stimullaşdırılması və təkrar istehsalı", "Elmin iqtisadi gücü: Gənc alim və tədqiqatçıların yeni ideya və ixtiralarının iqtisadiyyata tətbiqi yolları", "Yaşıl çətir: Ekologiya və qlobal iqlim dəyişiklikləri və bu proseslərin Azərbaycanda təzahürləri" mövzularında gənc alim və tədqiqatçıların iştirakı ilə konfranslar keçiriləcək.

"Azərbaycanda biomüxtəlifliyin qorunması və əkinə yararlı torpaqların erroziyaya məruz qalmasının qarşısının alınması yolları" və "Dünya elminə inteqrasiya: Gənc tədqiqatçıların innovativ aktivliyinin artırılması – informasiya mübadiləsi işinin təşkili" mövzuları əsasında da seminarların təşkili nəzərdə tutulub.

Tədbirdə, həmçinin "Bilik iqtisadiyyatına doğru!" – ən yaxşı elmi-innovativ ideya və ixtiraların gələcəkdə iqtisadiyyata tətbiq imkanlarını artırmaq məqsədilə gənc alim və tədqiqatçılar arasında I Biznes Planlar Müsabiqəsi də keçiriləcək. Görkəmli alimlərdən ibarət münsiflər heyəti tərəfindən yüksək intellekt və bacarıq nümayiş etdirən gənc alimlər qalib seçilərək mükafatlandırılacaqlar.

Beş gün davam edəcək tədbirin sonuncu günü gənc alimlərin "Eko-turu" təşkil ediləcək və iştirakçılar Bakı şəhərinin Qaradağ rayonundakı palçıq vulkanlarını görmək və açıq havada bu sahə üzrə tədqiqat aparan gənc alimlərin təqdimatı ilə yaxından tanış olmaq imkanı qazanacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə