İslam dininin ən vacib sayılan fərzlərindən biri, onun təbliği və özünəməxsusluğunu nümayiş etdirən ayinləri sırasında Qurban bayramı müsəlmanlar arasında geniş yayılan ayinlərdəndir. O, Quranın müəyyən etdiyi dini tələbdir, müsəlmanların riayət etdiyi ümumi mərasimdir.
Üç səmavi dinin- yəhudilik, xristianlıq və İslamın hər üçündə müxtəlif formada qurbanlıq mövcuddur. Lakin İslamda bu ayin xüsusi mahiyyət və əhəmiyyət kəsb edir. Onun əsasında Allaha sonsuz sevgi, Onun qüdrətinə dərin inam və iman işığı durur.
Qurban bayramı müsəlman ruhaniləri tərəfindən İbrahim peyğəmbərin (Ə) öz oğlu İsmayılı Allahın şərəfinə qurban kəsmək niyyətini bildirən hadisə ilə əlaqələndirilir. Allah öz sevimlisi İbrahim peyğəmbərin (Ə) sadiqliyini sınamaq üçün ondan yeganə oğlu İsmayılı qurban kəsməyi tələb edir və İbrahim peyğəmbər (Ə) gözünü qırpmadan oğlunu yerə yıxıb başını kəsərkən, Allahın göndərdiyi mələk Cəbrayıl (Ə) göydən enib onun əlini saxlayıb, Allahın İbrahimdən (Ə) razı qaldığını bildirib və oğlu İsmayılın əvəzinə Tanrının göndərdiyi qoyunu kəsməyi təklif edir. Buna görə də Qurbanlıq bayramında kəsilən qurbana "İsmayıl qurbanı" da deyirlər.
İsmayıl qurbanında kəsilən heyvanlarda bir sıra şərtlər vacib sayılır. Qurbanlıq kimi seçilən heyvan qoç, iribuynuzlu dana, yaxud da dəvə olmalıdır. Nəsil artımında dişi heyvanların müstəsna rolu olduğuna görə qurbanlıq heyvanın erkək olması daha üstün tutulur. Qurbanlıq qoçun yaşına gəlincə, bu, ən azı altı aylıq heyvan olmalıdır. Lakin dana, yaxud dəvənin bir yaşı tamam olsa, daha yaxşıdır. Qurbanlıq dəvənin beş yaşı tamam olmalıdır. Qurban bayramında kəsilən heyvanın sağlam olması da vacib şərtdir. Əzalarında hər hansı nöqsanı olan, buynuzunun, yaxud qulağının biri olmayan, axtalanmış heyvanın qurban kəsilməsi məsləhət deyil.
Qurbanlığın şərtlərindən biri də odur ki, qurban kəsmək yalnız buna imkanı olan varlı adamların boynunda haqdır. İmkanı olmayan adama isə qurban kəsmək vacib deyil. Qurban kəsmək üçün borc pula heyvan almaq İslamda təqdir olunmur, çünki bu bayramın əsas mahiyyəti zənginlərlə imkansızların birliyi, qardaşlığıdır.
Təəssüflər olsun ki, hazırkı şəraitdə İsalmı üstün tutan bəziləri Qurban bayramına gəlir mənbəyi kimi baxırlar. Özlərini müsəlman adlandıran belə adamlar qurbanlıq heyvan kəsib, onun ətini kasıblar arasında paylamaq əvəzinə, bu ayda daha çox qazanc götürmək barədə düşünürlər. Elə bunun nəticəsidir ki, Qurban bayramı ərəfəsində ətin qiymətində süni bahalaşma baş verir. Bahalaşma həmçinin diri iribuynuzlu və xırda buynuzlu heyvanların qiymətində də müşahidə olunur. Belə ki, hazırda 10-12 kiloqramlıq qoyunu 80-90 manata almaq qeyri-mümkündür. Çünki bayramqabağı qoyun ətinin qiyməti 7-10, mal ətinin qiyməti isə 6-8 manat arasında dəyişir. Satıcılar əhalinin alıcılıq qabiliyyətinin aşağı olmasını əsas gətirərək qiymətlərin bir o qədər bahalaşacağını gözləmədiklərini bildirsələr də fakt ondan ibarətdir ki, 5-6 manata satılan mal əti artıq 7-8 manata təklif olunur.
Ətin qiymətinin bahalaşması təbii ki, süni şəkildə həyata keçirilir. Bazarlarda isə apardığımız müşahidələr zamanı qiymətlərə nəzarət edən heç bir qurum olmadığından qiymətlərin kəllə çarxa qalxması şübhəsizdir. Elə alıcılar özləri də qiymətlərin artacağına şübhə etmirlər. Alıcılarla etdiyimiz söhbət zamanı bəlli oldu ki, Qurban bayramı ərəfəsində ətin və diri heyvanın qiymətinin artması hər il baş verir. Ancaq bu il qiymətlər nəzərəçarpacaq dərəcədə artıb. Belə ki, bayrama bir gün qalıb, qoyunun qiyməti isə 120-150 manata çatıb.
Bu fonda İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Dövlət Xidməti Qurban bayramı günləri Bakıda və regionlarda ətin qiymətinin monitorinqini keçirəcək. Nazirliyin internet səhifəsində yayılan məlumatda deyilir ki, süni qiymət artımına yol verən təsərrüfat subyektləri barəsində qanunvericiliyə müvafiq tədbirlər görüləcək.
Xidmət ət satışını həyata keçirən təsərrüfat subyektlərini süni qiymət artımına yol verməməyə çağırır. İstehlakçılardan ət satışında qiymət artımı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur. Odur ki, müqəddəs bayramda alıcılara imkan, satıcılara vicdan arzusuyla Bayramınız mübarək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB