"Tarix belə absurd faktlarla zəngindir" RƏYLƏR

"Tarix belə absurd faktlarla zəngindir" RƏYLƏR

Nə qədər ki, ABŞ Helsinki Komissiyası Kris Smit kimi ermənipəstliyini gizlətməyən qüvvələrin təsirindədir, bu qurumdan heç də ədalətli yanaşma gözləmək olmaz

Məlum olduğu kimi, ABŞ-ın Helsinki Komissiyasında Azərbaycandakı seçkilər və fundamental azadlıqlarla bağlı keçirilən dinləmələrdə ölkəmizə qarşı növbəti qərəzli fikirlər səsləndirilib. Məsələyə münasibət bildirən müsahiblərimiz ABŞ-ın Helsinki Komissiyasının Azərbaycana qarşı qərəzinin arxasında bu təşkilata ermənipərəst Kristofer Smitin rəhbərlik etməsi ilə əlaqələndirdilər.

Jurnalistlərin Həmkarlar İttifaqının sədri Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli:

- ABŞ-ın Helsinki Komissiyasının Azərbaycandakı seçkilər və fundamental azadlıqlarla bağlı yanaşmasını şərh etmək üçün yaxın tarixə qısa ekskurs etmək kifayətdir. Bu qurum və onun təsir dairəsində olan şəxslər Azərbaycanla bağlı münasibət və rəylərində yalnız qara rəngdə görünüblər. Məsələ ondadır ki, onlar Azərbaycanı heç vaxt real olaraq neqativ əməlinə, yaxud hansısa çatışmazlığına görə tənqid etməyiblər. Onlar həmişə Azərbaycanın bir uğuru olanda, hansısa nailiyyət qazananda aktivləşirlər və bu uğurlara kölgə salmağa çalışırlar. Artıq bu fakt özünü dəfələrlə təsdiq edib. Uzağa getməyək, 2015-ci ildə Bakıda Avropa Oyunları keçiriləndə həmin komissiyanın necə əks-prizmada aktiv fəaliyyət göstərdiyinin şahidi olduq. Həmin vaxt Nyu-Cersi ştatının təmsilçisi Kris Smitin ABŞ Helsinki Komissiyası adından Konqresə "Azərbaycanda Demokratiya Aktı" qanun layihəsini təqdim etdi və təkidlə tələb etdi ki, ölkəmizə qarşı sanksiyalar tətbiq edilsin. Tarixdə bu cür faktlar onlarcadır. İkinci bir misalla bunu yekunlaşdırmaq istərdim. ABŞ Konqresi Azərbaycana qarşı ən sərt, anlaşılmaz münasibəti 1992-ci ildə, Azərbaycanın müstəqilliyinin ilk ilində göstərib. Sovet rejimindən xilas olaraq öz müstəqilliklərinə qovuşmuş xalqlara, respublikalara yardım üçün ABŞ Konqresi "Azadlığı müdafiə aktı" qəbul edib. Həmin akt çərçivəsində yeni elan edilmiş respublikalara həm siyasi, həm də maddi yardım göstərilib. Bu sırada təkcə Azərbaycan kənar tutulub. 1992-ci ilin oktyabr ayında qəbul edilmiş "Azadlığı müdafiə aktı"na həmin ilin dekabr ayında "907-ci düzəliş" əlavə edilib. Bu düzəlişə əsasən, sovet zülmündən xilas olmuş respublikalardan yalnız birinə - Azərbaycana yardım göstərilməsinə qadağa qoyulub. Səbəb kimi isə Azərbaycanın Ermənistanı və Qarabağı blokadaya alması göstərilib! Tarix belə absurd faktlarla zəngindir. ABŞ Helsinki Komissiyası nə qədər ki, Kris Smit kimi ermənipəstliyini gizlətməyən şəxs və qüvvələrin təsirindədir, bu qurumdan heç də ədalətli yanaşma gözləmək olmaz. Əgər Helsinki Komissiyası dünyada demokratiyanın bərqərar olması dərdini çəkirsə, onda araşdırsın ki, niyə ABŞ media azadlığı indeksində heyrətamiz dərəcədə geriləyərək 45-ci yerə düşüb? Niyə hər il onlarla insan ABŞ-da irqinə və rənginin dərisinə görə qətlə yetirilir? Əvvəl özlərində demokratiyanı bərqərar etsinlər, sonra başqa ölkələr barədə fikirləşsinlər.

"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru, politoloq Elçin Mirzəbəyli:

- ABŞ Helsinki Komissiyasına Kristofer Smit rəhbərlik edir. K.Smit 1992-ci ildə Azərbaycan əleyhinə qəbul olunmuş "907-ci düzəliş"in həm müəlliflərindən və həm də təşəbbüsçülərindən biridir. Eyni zamanda, təxminən 14 il ərzində bu şəxsin 20 dəfədən çox qondarma "erməni soyqırımı"nın ABŞ Konqresində tanınması ilə bağlı təşəbbüsləri olub. K.Smit ABŞ-da olan Ermənistan diasporası ilə açıq şəkildə əməkdaşlıq edir. Yəni bu şəxs erməniləri özünün böyük dostu adlandırır və bunu sübuta yetirmək üçün də Azərbaycana qarşı aparılan bütün kampaniyaların ön cərgəsində yer alır. Demək olar ki, cəbhədə atəşkəs pozulanda Smit bu atəşkəsin, məhz Azərbaycan tərəfindən pozulduğunu bildirir. Yəni burada işğal faktını dəqiq dilə gətirmir. Eyni zamanda, Azərbaycan torpaqlarında yaradılan separatçı rejimi dəstəkləyərək, müdafiə edib və Azərbaycanın erməni demokratiyasını pozmağa çalışdığını vurğulayır. Əslində isə, Azərbaycan əleyhinə mövqe sərgiləyən bir insanın təşkil etdiyi kampaniyanın mahiyyətini sübut etməyə ehtiyac yoxdur. Bütün bu proseslər vahid bir mərkəzdən idarə olunur. Bu proseslərdə müxtəlif qruplardan olan insanlar yer alıblar. O cümlədən də, xaricdə yaşayan ayrı-ayrı marginal azərbaycanlılar da bu prosesdə yer alır və erməni diasporu və erməni lobbisi ilə vahid bir mövqedən çıxış edirlər.

Əslində, bu mövqedən çıxış etmək Azərbaycan torpaqlarının işğalı prosesinə, faktiki olaraq, dəstək verməkdən ibarətdir. Burada korporativ maraqlar da var. Xaricdəki şəxslərə, bilavasitə vəsaitlər ötürənlərin məqsədi Azərbaycanda həyata keçirilən islahatları əngəlməkdən və ölkənin inkişafına mane olmaqdan ibarətdir. Başqa qruplar isə çalışırlar ki, Azərbaycanın nüfuzuna xələl gətirməklə danışıqlar prosesində ölkəmizin mövqelərini zəiflətsinlər. Bu baxımdan da, aparılan dinləmələrin mahiyyəti də bəllidir. Son 14 il ərzində Helsinki Komissiyası Azərbaycan əleyhinə 15-dən artıq dinləmə keçirib. Bunların da hər birində, məhz ermənipərəst konqresmenlər, Azərbaycan əleyhinə fəaliyyət göstərən qurumlar, eyni zamanda, erməni təşkilatları fəal şəkildə iştirak ediblər. Lakin bu illər ərzində bir dəfə də olsun Ermənistanla bağlı hər hansı bir dinləmə keçirilməyib. Hətta mitinqlərdə insanların qətlə yetirildiyi, kütləvi həbslərin həyata keçirildiyi zaman Ermənistanla bağlı hər hansı bir dinləmənin keçirilməsinin şahidi olmamışıq. Bütün bunlar sübuta yetirir ki, prosesin əsas mahiyyətində, bilavasitə Azərbaycanın beynəlxalq nüfuzunun zədələnməsi dayanır . Məqsəd isə, şübhəsiz ki, ermənilərin maraqlarını müdafiə etməkdir.

Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov:

- Helsinki Komissiyası daim Azərbaycan haqqında qərəzli fikirləri ilə bizə tanışdır. Bu təşkilat erməni lobbisi tərəfindən maliyyələşən bir qurum olduğu məlumdur. Ermənistanın Azərbaycan torpaqlarının işğal etməsi və bir milyona yaxın qaçqın və məcburi köçkün olmasına dair bir dəfə də olsa Helsinki Komissiyası bir bəyanat veribmi? Təbii ki, yox. Burdan da aydındır ki, bu komissiya kimin mənafeyini qoruyur və xidmət edir. Erməni lobbisinin təsiri altında olan bir qurumdan Azərbaycana qarşı başqa mövqe gözləmək də olmaz. Hesab edirəm ki, bu cür qurumların artıq bugünkü beynəlxalq siyasi aləmdə də nüfuzları və təsir dairələri sıfıra bərabərdir. Dünyanın əsas aparıcı iqtisadi və siyasi araşdırmalar institutları Azərbaycanın inkişafından müsbət rəylər verirlər. Hər şey göz qarşısındadır. Bu gün biz inamla inkişafa doğru gedirik və bu cür cılız bəyanatlar bizi yolumuzdan döndərə bilməz.

İnsan Hüquqları XXI əsr Fondunun sədri Şahin Camalov:

- Biz dəfələrlə bu məsələyə münasibət bildirmişik. Azərbaycana qarşı beynəlxalq təşkilatların və xarici ölkələrin, xüsusi ilə ABŞ və Qərb ölkələrinin münasibəti heç bir zaman birmənalı olmayıb. Hər zaman onlar Azərbaycana "demokratiya", insan hüquqları kimi faktorları özlərinə sərf edən formada sırımağa çalışırlar. Hesab edirəm ki, Helsinki Komitəsi ilə erməni lobbisinə xidmət edən müəyyən azərbaycanlı dairələr və şəxslər əməkdaşlıq edirlər. Düşünürəm ki, bu tip Azərbaycana qarşı olan qərəzli münasibət hər zaman mövcud olub və bundan sonra da davam edəcək. Azərbaycanda keçirilən seçkiləri onlarla yerli və beynəlxalq təşkilatlar müşahidə etdi. Onların birmənalı mövqeyi ondan ibarət oldu ki, seçkilər azad və demokratik şəkildə baş tutub. Seçkinin vəziyyətini monitorinq etməyən və müşahidələr aparmayan bir qurumun Azərbaycanda seçkinin nəticələrini tənqid etməsi, ümumiyyətlə qeyri - ciddilikdən xəbər verir. Onlar inkişaf etmiş Azərbaycan dövlətinin uğurlarına kölgə salmaq üçün hər cür iyrənc vasitə və üsuldan istifadə edirlər. Əslində isə, onların hesabatlarını ciddiyyətə almaq olmaz. Çünki bu təşkilatlar ciddiyə alınacaq təşkilatlar deyil.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə