Azərbaycançılıq ideologiyasının banisi - Heydər Əliyev FOTOLAR

Azərbaycançılıq ideologiyasının banisi - Heydər Əliyev FOTOLAR

Bu gün Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbir iştirakçıları əvvəlcə rayon təşkilatının qərargahındakı Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək, Onun əziz xatirəsini böyük ehtiramla bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, Yasamal rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov, "İki sahil" qəzetinin Baş redaktoru Vüqar Rəhimzadə, "Səs" qəzetinin Baş redaktoru Bəhruz Quliyev və başqaları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov Ulu Öndər Heydər Əliyevin böyük və əvəzsiz xidmətlərinə nəzər salıb. Qeyd edib ki, Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsi, suveren bir ölkə kimi qarşılaşa biləcəyi problemlərin həllinə nail olması üçün real əsaslar hələ Ulu Öndərin sovet hakimiyyəti illərində respublikamıza rəhbərliyi dövründə formalaşdırılıb: "Ulu Öndər Heydər Əliyevin Azərbaycanın sosial, iqtisadi, mədəni yüksəlişi üçün həyata keçirdiyi tədbirlər və milli şüurun oyanması istiqamətində gördüyü işlər ölkəmizin adını seçilən respublikalar sırasına daxil etmişdir. Azərbaycan xalqının Ümummilli Lideri fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət edib, Azərbaycan torpağının, dövlətinin və xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışıb və dövlətçiliyimizin inkişafı üçün mümkün ola bilən hər bir işi görüb".

Rayon təşkilatı sədri onu da bildirib ki, məhz Heydər Əliyevin müstəqillik dövründə hakimiyyətə qayıdışı təhlükə altında olan dövlətçiliyimizi xaos və böhran məngənəsindən çıxarmış, vətəndaş müharibəsinin qarşısı alınmış və atəşkəs rejiminin tətbiqinə nail olunmuşdur. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Ulu Öndər Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub.

Bu gün Ümummilli Liderin şah əsəri olan müstəqil Azərbaycanın etibarlı əllərdə olduğunu vurğulayan T.Əhmədov ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın son 15 il ərzində müstəqilliyini daha da möhkəmləndirdiyini, sosial-iqtisadi, siyasi-diplomatik və hərbi quruculuq sahələrində çox böyük uğurlara imza atdığını bildirdi. Bütün bunların nəticəsidir ki, növbəti dəfə aprelin 11-də keçirilən prezident seçkilərində Ümummilli Lider Heydər Əliyev siyasətinin layiqli davamçısı Möhtərəm Prezidentimiz Cənab İlham Əliyev mütləq qələbə qazandı.

Tədbirdə çıxış edən Yasamal rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müstəqillik yolunda ilk qədəmlərini atan Azərbaycanın ən mürəkkəb və taleyüklü dövründə dövlətə rəhbərlik məsuliyyətini üzərinə götürərək, xilaskarlıq və quruculuq missiyasını böyük şərəflə yerinə yetirdiyini bildirib. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyev, sözün əsl mənasında, müstəqil Azərbaycan dövlətinin inkişafının bütün istiqamətlər üzrə əsaslarını formalaşdırdı: "Ən əsası isə, Azərbaycanın dövlət müstəqilliyinin daimiliyini, əbədiliyini, dönməzliyini təmin edən mükəmməl milli dövlətçilik ideologiyasını formalaşdırdı və Cənab İlham Əliyevin şəxsində bu ideologiyanı, Azərbaycanın sosial-iqtisadi və siyasi-mədəni tərəqqisini uğurla həyata keçirə biləcək ən layiqli varisini yetişdirdi".

Sonra partiya həyatında yaxından iştirak edən bir qrup partiya fəalına YAP Yasamal rayon təşkilatının Fəxri Fərmanları və diplomları təqdim olunub.

Tədbir ədəbi-bədii kompozisiya ilə davam etdirilib. Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə