Siyasi şərhçi: “AŞPA-nın nüfuzu çoxdan zədələnib” MÜNASİBƏT

Siyasi şərhçi: “AŞPA-nın nüfuzu çoxdan zədələnib” MÜNASİBƏT

“AŞPA-nın nüfuzu çoxdan zədələnib. Bu qurum artıq xeyli müddətdir ki, qlobal və regional proseslərdə geosiyasi təzyiq aləti funksiyasını yerinə yetirir”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, bu qurumun sonuncu hesabatı isə şantaj xarakterlidir və Azərbaycanın leqal lobbiçilik fəaliyyətinin qarşısının alınmasına yönəldilib: “Hesabatı hazırlayanlar və qəbul etdirənlər rəsmi Bakı ilə əməkdaşlıq edən, erməni işğalını pisləyən, aqressiv separatizmə və terrorizmə qarşı açıq mübarizə aparan, azərbaycanlılara qarşı soyqırım həyata keçirildiyini etiraf edən bütün beynəlxalq təşkilatları, ölkələri və parlamentariləri şantaj edirlər”.

E.Mirzəbəyli əlavə edib ki, əslində hesabata diqqət yetirsək, bu siyasi motivli iddiaların nə üçün irəli sürüldüyünü müəyyənləşdirmək olar: “Məsələn, hesabatda qeyd olunur ki, “Azərbaycan hakimiyyəti işi o səviyyəyə gətirmişdi ki, hətta parlamentin iclasında az-az iştirak edənlər Azərbaycanla bağlı məsələ olduqda iclasa qatılırdı və Azərbaycanın lehinə səs verirdi”. Bu, Azərbaycanın lobbiçilik fəaliyyətini yaxşı qurduğunun etirafıdır. Sual olunur, Azərbaycanın lobbiçilik fəaliyyəti nəyə xidmət edirdi? Şübhəsiz ki, işğalçı Ermənistanın öz adı ilə çağırılmasına, azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə siyasətinin ifşa olunmasına, aqressiv separatizm və terrorizmin qətiyyətlə pislənilməsinə, münaqişələrin həllinin tezləşdirilməsinə və s. Yəni Azərbaycanın lobbiçilik fəaliyyəti beynəlxalq hüququn prinsiplərinin AŞ PA müstəvisində dəstəklənməsinə, Avropa Şurası məkanında təhlükəsizliyə təhdid yaradan amillərin aradan qaldırılmasına xidmət edirdi. Bu fəaliyyət isə beynəlxalq hüququn prinsiplərinin qorunmasında, terorizmə, separatizmə qarşı mübarizədə maraqlı olan bütün dövlətlərin mənafeyinə uyğun olmalıdır - əlbəttə, Ermənistan və onu himayə edən dairələr istisna olunmaqla”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə