Səlim Müslümov: Gələn il pensiyaların orta aylıq məbləği 10 faizə yaxın artacaq - AÇIQLAMA

Səlim Müslümov: Gələn il pensiyaların orta aylıq məbləği 10 faizə yaxın artacaq - AÇIQLAMA
Növbəti ildə pensiyaların orta aylıq məbləğinin təqribən 10 faizə yaxın artacağı proqnozlaşdırılır. SİA-nın xəbərinə görə, bu barədə Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov www.yap.org.az saytına müsahibəsində deyib. O bildirib ki, bu əmək pensiyalarının sığorta hissəsinin inflyasiyadan qorunması məqsədilə indeksləşdirilməsi və yeni təyin olunan pensiyaların hesablanmasında yuxarıda göstərilən qaydaların tətbiqi nəticəsində minimum məbləğlərin aradan qalxması ilə bağlıdır: "Azərbaycan Respublikasının icmal büdcəsinin mühüm tərkib hissəsi Dövlət Sosial Müdafiə Fondunun büdcəsidir. Təbii ki, həmin büdcə vasitəsilə pensiya və müavinətlər şəklində əhaliyə ödənişlərin səviyyəsi büdcənin gəlirlərindən asılıdır. Yeni sistem fəaliyyətə başladığı 2006-cı illə 2011-ci ilin proqnozlaşdırılan göstəricilərini müqayisə etsək, ölkədə orta aylıq əməkhaqqının artımı 2,6 dəfə olduğu halda sosial sığorta daxilolmalarında artımın 3,1 dəfə təşkil etdiyini görərik. Təbii ki, gəlirlərdəki qeyd olunan artım birbaşa fondun xərclərində özünü göstərir. Bu dövr üzrə fondun xərclərinin artımı göstəricisi 3,6 dəfədir. Bu artımn 3,1 bəndi sosial sığorta haqlarının, 0,5 bəndi isə dövlət büdcəsi transfertinin payına düşür".
S.Müslümov vurğulayıb ki, xərc artımında yürüdülən siyasət təkcə pensiyaçı kimi sistemə yeni qoşulanların maliyyələşdirilməsindən deyil, minimum və orta aylıq pensiya məbləğlərin dövrü artırılmasından da ibarətdir. Onun sözlərinə göər, bunun nəticəsidir ki, əgər 2006-cı ilin 1 yanvar tarixinə əvəzetmə əmsalı yalnız 28 faiz idisə, bu göstərici hazırda 35 faizin üstündədir.

"Azərbaycanda yeni sığorta-pensiya sistemi fəaliyyətə başladığı dövrdən hazıradək əmək pensiyalarının minimum məbləği 3,4 dəfə, orta aylıq məbləği isə 4 dəfə artmışdır. Yaşa görə əmək pensiyasının baza hissəsinin məbləğinin sentyabrın 1-dən 85 manat müəyyən edilməklə növbəti dəfə 13,6 faiz artırılması təxminən 1 milyon 254 min 200 nəfər pensiyaçıya şamil olunmuşdur. Hazırda Azərbaycanda əmək pensiyalarının baza hissəsi 106 ABŞ dolları təşkil edir ki, bu göstəriciyə görə, Azərbaycan MDB-də ikinci yeri tutur.
Əmək pensiyaları sahəsində qanunvericiliyə edilən son dəyişiklik nəticəsində yeni sadələşdirilmiş qaydanın tətbiqi Azərbaycanda pensiyaların məbləğinin artımına, minimum məbləğlə pensiya təyinatının aradan qalxmasına və sosial ədalətin bərpa olunmasına gətirib çıxarmaqdadır. Belə ki, cari ilin ötən dövrünün nəticələrinə əsasən, ölkə üzrə pensiyanın orta aylıq məbləgi 111 manat təşkil etdiyi halda, yeni təyin olunan pensiyalar üzrə orta aylıq məbləğ 162 manat olub", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə