"Mənim rəhbərliyimlə 1990-cı ildə Xankəndidə qanunsuz silahlı birləşmələrin zərərsizləşdirilməsi istiqamətində əməliyyatlar keçirilirdi. Bunun nəticəsində sabitlik qorunub saxlanılır və böyük toqquşmaların qarşısını almaq mümkün olurdu". SİA xəbər verir ki, bunu keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) xüsusi vəziyyət rayonunun ilk komendantı olmuş general-mayor Vladislav Safonov aprelin 4-də Bakıda keçirdiyi mətbuat konfransında bildirib.
Ehtiyatda olan general-mayor qeyd edib ki, o, 1990-cı ilin dekabrında Dağlıq Qarabağı tərk edib. Həmin vaxta qədər Xankəndidəki bütün qanunsuz silahlı birləşmələr tərksilah edilmişdi. Xankəndidə ermənilər tərəfindən münaqişə ilə bağlı təbliğat-hazırlıq işləri aparılsa da, Azərbaycan buna hazır deyildi.
Vilayətdə yaşayan ermənilərin Qarabağdakı hərbi rəhbərliyin həyata keçirdiyi işlərə əngəl törətmək istədiyini deyən V.Safonov qeyd edib ki, hər yerdə silahlı insanlar gəzirdilər və hər an təxribatlar gözlənilirdi. Onun fikrincə, SSRİ-nin dağılmasına Dağlıq Qarabağ münaqişəsinin alovlanması səbəb oldu. Mərkəzi hakimiyyət, ozamankı Azərbaycan rəhbərliyi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında qətiyyətsizlik nümayiş etdirirdi. Azərbaycanın hakimiyyət orqanları o vaxt Dağlıq Qarabağda baş verənlərə laqeyd yanaşır və susurdu. Onlar münaqişənin qarşısının alınması üçün əməli addımlar atmırdılar.
V.Safonov vurğulayıb ki, Dağlıq Qarabağda komendant olduğu müddətdə ciddi səhvlərə yol verildiyini görürdü. Amma həmin vaxt onun bu barədə kiməsə məlumat verməyə səlahiyyəti yox idi. “Vəzifədən getməzdən əvvəl ovaxtkı Azərbaycan rəhbərliyinə Ermənistanın müharibəyə hazırlaşması haqqında məlumat verdim. Problem təkcə vətənpərvərlik hissi ilə həll oluna bilməzdi, bunun üçün peşəkarlıq lazım gəlirdi. Azərbaycan tərəfdə isə zəriflik açıq-aşkar özünü göstərirdi”, - deyə rusiyalı general əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB