BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi: “Azərbaycan qlobal məkanda ən yaxşı nəticələr göstərən Çin və Koreyadan da irəli çıxıb” - MÖVQE

BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi: “Azərbaycan qlobal məkanda ən yaxşı nəticələr göstərən Çin və Koreyadan da irəli çıxıb” - MÖVQE

"Azərbaycan müstəqillik əldə etdiyi ilk illərdə böyük çətinliklərlə üzləşib. Ölkə müharibə şəraitində idi, qaçqın və məcburi köçkünlər vardı. Azərbaycan bütün bunlara baxmayaraq kəskin inkişafa nail oldu". SİA-nın məlumatına görə, bu sözləri Bakıda BMT İnkişaf Proqramı İnsan İnkişafı Hesabatının 20-ci illik yubiley buraxılışının təqdimatında çıxışında BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Fikrət Akçura deyib. F.Akçura bu il Azərbaycanın orta inkişaf kateqoriyasından daha yüksək kateqoriya qrupuna daxil olduğunu söyləyib: "Azərbaycan qlobal məkanda ən yaxşı nəticələr göstərən Çin və Koreyadan da irəli çıxıb. Biz Azərbaycandakı tərəfdaşlarımızla əməkdaşlığımızı davam etdirəcəyik. BMT Azərbaycana ən yaxşı təcrübələri örnək olaraq gətirir. Bizim tövsiyələrimiz əhalinin ehtiyacı və xüsusiyyətləri nəzərə alınmaqla edilməlidir. Biz hərtərəfli və dərin yanaşmanı təqdim edəcəyik ki, ölkə bu baxımdan daha sistematik inkişaf edə bilsin".

Hesabatın əhatə etdiyi 169 ölkə arasında son 5 ildə Azərbaycan ən sürətli irəliləyişə nail olan dövlətdir. O, qeyd edib ki, 2005-ci ildə 105-ci yerdə olan Azərbaycan 2010-cu ildə 67-ci yerə qalxıb: "Nəticədə Azərbaycan "Orta insan inkişafı" qrupu ölkələrini tərk edərək Braziliya, Türkiyə və Malayziya kimi "Yüksək insan inkişafı" ölkələri kateqoriyasına daxil olub".
BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi həmçinin bildirib ki, Azərbaycanın İnsan İnkişafı İndeksi 1995-ci ildən 2010-cu ilədək 27% artaraq 0,563-dən 0,713-ə yüksəlib: "Bu müddət ərzində Azərbaycanda doğulanda gözlənilən ömür uzunluğu 5 il, gözlənilən təhsil illəri 3 il və adambaşına düşən ümummilli gəlir 338% artıb".

Bütün xəbərlər Facebook səhifəmizdə