2010-cu ildə Koreya hökuməti Azərbaycana 5.5 milyon dollar qrant ayırıb

"5 il ərzində Azərbaycanın iqtisadi, insan inkişafı sahəsində əldə etdiyi nailiyyətlər təqdirə layiq bir haldır. Bununla yanaşı Azərbaycanın inkişafını daha da inkişaf etdirmək labüddür". SİA-nın verdiyi xəbərə görə, bu sözləri Koreya Respublikasının Azərbaycandakı fövqəlada və səlahiyyətli səfiri Ciha Li bu gün keçirilən BMT İP 2010-cu il İnsan İnkişafının Hesabatının təqdimetmə mərasimində çıxışı zamanı səsləndirib. O bildirib ki, bunun məqsədi o cümlədən sənayə sahəsinin ehtiyaclarını qarşılamaqdan ibarətdir. Çıxışı zamanı Koreyanın təcrübəsindən danışan səfir söyləyib ki, Koreya 1960-cı ilin əvvəlinə qədər dünyanın ən az inkişaf etmiş ölkələrindən biri olub. O deyib ki, 1963-cü ildən etibarən 7 sistematik və hər biri 5 il davam edən iqtisadi inkişaf proqramlarının həyata keçirilməsi nəticəsində hazırda Koreyan dünyanın 13-cü ən nəhəng ölkəsinə çevrilib.

Ölkəsinin iqtisadi göstəriciləri haqqında danışan Ciha Li vurğulayıb ki, Koreyanın ümumi daxili məhusulu 1 trilyon dollardan çoxdur: "Bu gün Koreyada yetərincə insan resursları var ki, onlar çox yüksək səviyyəyə malikdirlər. Hökumətin idarəçiliyi və beynəlxalq şəraitdən obyektiv şəkildə bəhrələnmək təcrübəsi olmasına baxmayaraq ölkənin əsas hissələri məhz insanın inkişafından ibarətdir. Bunun nəticəsidir ki, Koreya insanın inkişafına daha sürətlə nail olub və digər inkişaf edən ölkələrlə müqayisə edildikdə daha artıq nəticələrə imza atıb. Bundan əlavə Koreya donor ölkələrin, beynəlxalq təşkilatların inkişaf sahəsi baxımından ən fəal əməkdaşlığa yönələn tərəfdaşına çevrilib. Bu baxımdan da Koreya bir sıra əməkdaşlıq layihələrini planlaşdırıb və həyata keçirmişdi ki, bu da bizə sülh yolunu göstərib. Koreya cəmiyyətinə gəldikdə digər ölkələrlə müqayisə edildikdə biz daha öndə gedən ölkəyik. Koreyada əhali üçün yaradılan əmək bazarı, ayrı- ayrı ailələrə övladlarının daha yaxşı təhsil almasına yatırım etmək baxmından imkanlar yaradılıb. Bununla da biz insan inkişafında pozitiv bir çevrəni yarada bildik və nəticə etibarı ilə bu Koreyanın sürətlə inkişafına öz töhfəsini verdi".

Çıxışı zamanı Koreya ilə Azərbaycan arasında olan tərəfdaşlıq məsələsinə toxunan səfir bildirib ki, Azərbaycan Koreyanın 26 prioritet tərəfdaşları sırasındadır, hansı ki, Koreya bunlarla birgə işləmək istəyir. Ciha Lininin sözlərinə görə, iki ölkə arasında olan tərəfdaşlıq təkcə hökumət məmurlarının təlimlənməsi proqramları ilə məhdudlaşmır, bura həmçinin ayrı-ayrı sahələrdə peşəkarların işləməsi, onların bu sahələrin inkişafına töhfə verməsi və sosial- iqtisadi inkişaf baxımından Koreyanın əldə etdiyi təcrübənin bu ölkələrə gətirilməsi ilə bağlıdır.
2010-cu ildə Koreya hökumətinin qrant yardımı şəkilində Azərbaycana 5.5 milyon ABŞ dolları ayırdığını dilə gətirən səfir bildirib ki, həmin məbləğ 6 əməkdaşlıq layihəsinin icrası üçün nəzərdə tutulub: "Bundan əlavə, Azərbaycandan olan gənclər üçün Koreya hökuməti imkanlar yaradır. Bu, təhsil sahəsində məvaciblərin verilməsidir ki, hazırda 74-dən çox azərbaycanlı gənc Koreyanın müxtəlif ali məktəblərində təhsil alır. Koreya həmçinin Azərbaycanda Peşə təhsili layihəsi ilə bağlı müvafiq Mərkəzin tikilməsi ilə əlaqədar yardım göstərmək qərarına gəlib. Bunun üçün 22 milyon dollar məbləğində yardım ayrılıb".

Bütün xəbərlər Facebook səhifəmizdə