Konteyner daşımalarına nəzarət mövzusunda təlim təşkil olunub

Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində keçirilən konteyner daşımalarına nəzarət mövzusunda beşgünlük təlim bu gün başa çatır. SİA-nın məlumatına görə, təlim BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi və Ümumdünya Gömrük Təşkilatının Konteyner Daşımalarına Nəzarət üzrə Qlobal Proqramı çərçivəsində təşkil olunub.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Xarici Əlaqələr İdarəsinin rəis müavini Ramil Əsədov bildirib ki, Azərbaycan gömrüyü Konteyner Daşımalarına Nəzarət üzrə Qlobal Proqram çərçivəsində BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi və ÜGT ilə əməkdaşlığa xüsusi önəm verir. Vurğulanıb ki, qloballaşan dünyada konteyner daşımalarının həcminin artdığı bir zamanda Dövlət Gömrük Komitəsi bu əməkdaşlığın daha da gücləndirilməsinin tərəfdarıdır.

Təlimçilər Gerhard Retief və Sandra Vens Azərbaycana səfər etməkdən məmnunluq duyduqlarını bildirib, təlim zamanı qarşılıqlı məlumat və təcrübə mübadiləsinin ümumi işə fayda verəcəyinə əminliklərini ifadə ediblər.

Təlim iştirakçılarına ÜGT-nin Konteynerlərə dair Konvensiyası, konteynerlərin xüsusiyyətləri, konteynerlərin izlənməsi üzrə təcrübələr, dəniz ticarət sənədləri, risklərin idarə edilməsi, konteynerlərin profillərinin yaradılması və seçilməsi, narkotiklərin müəyyənləşdirilməsi və təsnifatı, konteynerdə axtarış və konteynerlərlə bağlı təhlükəsizlik məsələləri, konteynerlərdə qaçaq malların gizlədilməsi və digər mövzularda bilgi verilir.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə