MSK-da veb-kameralara texniki nəzarət mərkəzi ilə tanışlıq olub YENİLƏNİB-FOTOLAR - VİDEO

MSK-da veb-kameralara texniki nəzarət mərkəzi ilə tanışlıq olub YENİLƏNİB-FOTOLAR - VİDEO

Bu gün Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov və Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə MSK-nın inzibati binasında yerləşən veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirdilər və veb-kameralarla bağlı son hazırlıq işləri ilə tanış oldular. SİA-nın verdiyi məlumata görə, tədbirdə MSK sədri bildirdi ki, Azərbaycanda seçkilərin hazırlanması və keçirilməsi prosesində aşkarlıq institutlarının normal fəaliyyəti, xüsusilə müşahidəçilik fəaliyyəti üçün daim hərtərəfli və geniş imkanlar yaradılıb.

Seçkilərdə şəffaflığın yüksək səviyyədə təmin olunması üçün bütün digər vasitələrlə yanaşı, informasiya-kommunikasiya texnologiyaları sahəsində əldə olunmuş nailiyyətlərdən geniş istifadə olunur. Azərbaycanda keçirilən seçkilərdə 2008-ci ildən başlayaraq tətbiq olunan və internet vasitəsilə səsvermə prosesini canlı izləmə imkanı verən veb-kameralardan istifadə təcrübəsi bu il keçiriləcək prezident seçkilərində də davam etdirilir. Səsvermə günü seçki məntəqələrində proseslərin əvvəldən axıradək izlənilməsi məqsədilə Ermənistan tərəfindən işğal edilmiş ərazilər istisna olmaqla, bütün ölkə coğrafiyasını əhatə edən 1000 seçki məntəqəsində veb-kamera quraşdırılıb. Veb-kameralar vasitəsilə keyfiyyətli və fasiləsiz yayım imkanlarının təmin edilməsi üçün proses daim diqqət mərkəzində saxlanılır. Seçki günü internet istifadəçiləri istər ölkə daxilindən, istərsə də ölkə xaricindən MSK-nın internet səhifəsinə daxil olaraq səsvermə prosesini, səslərin sayılması və nəticələrin müəyyənləşdirilməsini arasıkəsilmədən canlı müşahidə etmək imkanına malik olacaqlar.

Qeyd edək ki, veb-kameralarla bağlı texniki hazırlıq işləri yekunlaşıb, veb-kameralar quraşdırılan seçki məntəqələrinin siyahısı dərc olunub, həmçinin MSK-nın rəsmi internet səhifəsində yerləşdirilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə