“Lənkəranda yerli çayın keçmiş şöhrətinin qaytarılması üçün uzunmüddətli kreditlərə ehtiyac var”

“Lənkəranda yerli çayın keçmiş şöhrətinin qaytarılması üçün uzunmüddətli kreditlərə ehtiyac var”

Lənkəranda yerli çayın keçmiş şöhrətinin qaytarılması istiqamətində son illər atılan addımlar öz bəhrəsini verməkdədir. "Lənkərançay-5" ASC-nin sədri Rəşid Quliyevin SİA-nın cənub bürosuna verdiyi məlumata görə, dövlət başçısı İlham Əliyev tərəfindən qəbul olunmuş 2008-2015-ci illər ərzaq təhlükəsizliyinin əsası olan Dövlət Proqramı rayonda çayçılığın inkişafı üçün real zəmin yaradıb. Belə ki dövlət tərəfindən gübrə, sürtgü yağlarının güzəştlə verilməsi çay sahələrinin genişləndirilməsinə səbəb olub. Lənkəranın Haftoni qəsəbəsində yerləşən təsərrüfatda Çin və Gürcüstandan gətirilən elit toxumlar hesabına toxumçuluq təsərrüfatı yaradılıb.

Hazırda 12 hektarlıq çay plantasiyasının sahibi olan R.Quliyev məhsuldarlıqdan da razıdır. Müsahibimiz ilboyu aqrotexnik qulluq tələb edən çay sahələrinin genişləndirilməsi işində dövlət tərəfindən uzunmüddətli güzəştli kreditlərin verilməsini də vacib hesab edir. O, bunu çay bitkisinin ən tezi 6-7 ilə məhsul verməyə başlaması ilə əlaqələndirir. Hazırda ölkə əhalisinin cəmi 5 faizinin yerli çaydan istifadə etdiyini önə çəkən sahibkar əhalini yerli çaya marağını artırmaqdan ötrü bir sıra tədbirlərin görüldüyünü bildirb.

Bu məqsədlə "Lənkəran çay-5" ASC-nin yerləşdiyi ərazidə Dequstasiya zalı yaradılıb. Burada qonaqlara Lənkəran çayının tərkibi, dəmlənmə qaydası və digər üstün keyfiyyətləri barədə məlumat verilir.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə, son 20 ildə Azərbaycanda çay istehsalı 1000 dəfə azalaraq 320 tona düşüb. Bunlar nəzərə alınaraq dövlət xüsusi proqram hazırlayıb. Bu proqrama görə yaxın illərdə çay istehsalı 3 min tona çatdırılmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə