Naxçıvan Dövlət Musiqili Dram Teatrının kollektivi ölkənin qərb bölgəsində qastrol səfərindədir

Naxçıvan Dövlət Musiqili Dram Teatrının kollektivi ölkənin qərb bölgəsində qastrol səfərindədir

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının kollektivi ölkənin qərb bölgəsində qastrol səfəri çərçivəsində ilk olaraq Gəncə Dövlət Dram Teatrının səhnəsində çıxış edib. SİA-nın bölgə müxbiri xəbər verir ki, gəncəli teatrsevərlər üçün incəsənət ustaları şair-dramaturq Nəriman Həsənzadənin "Atabəylər" tarixi dramını təqdim ediblər.

Qeyd edək ki, tamaşada Atabəylər dövlətinin Azərbaycanın tarixindəki rolundan, bu dövrdə milli birlik və bərabərliyimizdən bəhs olunur.

Səhnə əsərinə xalq artistləri Mərahim Fərzəlibəyli və Kamran Quliyev qurluş verib.

Rollarda Azərbaycanın xalq artistləri Tofiq Mövləvi, Rövşən Hüseynov, Həsən Ağasoy, Şirzad Abutalıbov, Rza Xudiyev, əməkdar artistlər Elmira Kərimova, Xəlil Hüseynov, Vidadi Rəcəbli, Yusif Allahverdiyev və Naxçıvan MR-in əməkdar artisti Günay Qurbanova oynayır.

Qastrol səfərində əsas məqsəd teatra əhalinin marağını artırmaqdır.

Mədəniyyət və Turizm Nazirliyi və Regionların İnkişafı İctimai Birliyinin dəstəyi ilə təşkil olunan qastrol səfəri çərçivəsində teatrın kollektivi oktyabrın 23-də Qazax, 25-də Gədəbəy, 26-da isə Şəmkir tamaşaçıları qarşısında çıxış edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə