İrəvanın acizliyi ANALİTİK

Bu, erməni ictimai-siyasi dairələrinin fikridir!

Ermənistan parlamentinin “Yelk” blokundan olan Edmon Marukyan bəyan edib ki, Rusiyanın Azərbaycanı silahla təchiz etməsi məsələsi məhz parlamentdə müzakirəyə çıxarılmalıdır. SİA xəbər verir ki, bu barədə “lragir.am” saytının siyasi şərhçisi Akop Badalyan öz təhlilində yazır. Belə ki, Azərbaycan Ordusunun istər regionda, istərsə də dünya miqyasında güclülər sırasında yer alması düşmən mediasında, habelə işğalçı ölkənin ictimai-siyasi dairələrində ən çox danışılan mövzulardandadır. Bu baxımdan, Ermənistanın iqtisadi tənəzzülə uğraması ilə yanaşı, siyasi böhran səviyyəsindən çıxa bilməməsi, o cümlədən, erməni ordusunda yaşanan bəlli olaylar daim diqqət mərkəzində qalmaqda davam etməkdədir.

“Əliyev bəyan edir ki, yeni razılaşmaların əldə olunması üçün heç bir maneə yoxdur, demək Ermənistan da yoxdur”

Erməni şərhçi bu ərəfələrdə Azərbaycan tərəfinin Rusiyadan növbəti hərbi texnika alması və Qarabağ cəbhəsinə göndərməsi ilə bağlı məlumatını xatırladaraq, Rusiyanı ittiham hədəfinə tutub. “Rusiya isteblişmentinin hansı hissəsinin bu cür siyasət yürütməsi kimsədə maraq doğurmur, halbuki Azərbaycana silahı Rusiya verir” yazan Badalyan bu arada Serj Sarkisyanın da Rusiyanı ittiham edən fikirlərini xatırladıb. Belə ki, Sarkisyan cəbhə xəttində, (yəni işğal altında qalan Azərbaycan ərazilərində-qeyd bizimdir) öldürülən əsgərlərin həyatlarına məhz rus silahları vasitəsilə son qoyulduğunu demişdi.

Beləliklə, erməni şərhçi Rusiyanın daha öncəki öhdəliklərinin yerinə yetirilib-yetirilməməsində, yaxud yeni öhdəliklər götürməsində fərqin olmadığını yazır və qarşı tərəfi ittiham edərək onu da bildirir ki, Rusiya müvafiq mövqe sərgiləyəsyi, bu zaman yeni sazişlər olmaya da bilərdi.

Ancaq məsələ ermənilərin Rusiyanı ittiham etməsi ilə bitmir. Daha ilginc məsələ Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya ilə bu məsələdə yeni sazişlərin imzalana biləcəyi ilə bağlı verdiyi bəyanatıdır. Bu baxımdan, erməni şərhçi yazır: “Ancaq Əliyev bəyan edir ki, yeni razılaşmaların əldə olunması üçün heç bir maneə yoxdur, demək Ermənistan da yoxdur. Bununla yanaşı, Ermənistanda belə münasibət formalaşıb ki, Yerevan rus silahlarının Bakıya çatdırılmasına mane ola bilməyəcək qədər acizdir. Əlavə olaraq, qeyd olunur ki, mövcud vəziyyətdə Ermənistan ucuz silah alır, yəni bunu “qiyməti öldürmək” üçün edir. Təsəvvürə gətirmək belə çətindir ki, erməni dairələri Rusiyanın müttəfiqliyə əks olan siyasətinə niyə bu qədər etinasız yanaşırlar. Həmçinin, Ermənistanın mövcud hakimiyyətinin Rusiya-Azərbaycan arasında əldə olunmuş razılaşmanı pozmaq gücündə olduğunu da təsəvvürə gətirmək çətindir”.

Bu, həm də müharibə qanunudur - İşğal etmə və öldürülmə tezisi baxımından!

Göründüyü kimi, Akop Badalyan ölkə hakimiyyətinin yarıtmaz olduğunu qeyd edir və müttəfiq olmasına baxmayaraq, Rusiyanın Azərbaycanla hərbi sahədəki əməkdaşlığının vüsət aldığı dövrdə Sarkisyan rejimini çarəsizlikdə günahlandırır. Müəllif Aprel müharibəsində baş verən məğlubiyyət və s. olaylara da toxunaraq, bütövlükdə Ermənistan hakimiyyətinin uçuruma doğru sürətlə yuvarlandığından bəhs edir. Ancaq buna baxmayaraq, Sarkisyan rejiminin Rusiyaya qarşı çıxmalı olduğunu yazır və aşkar erməni həyasızlığı nümayiş etdirərək, rus silahları ilə “ermənilərin öldürüldüyünü” iddia edir. Halbuki, Badalyan özü də yaxşı anlayır ki, təmsil elədiyi ölkənin siyasi və hərbi dairələri Azərbaycan ərazilərini işğal ediblər, işğalçı və aqressor erməni hərbçiləri bu torpaqlardan geri çəkilməyənə qədər hansı silahla olursa olsun, istər Azərbaycanın özünün istehsal etdiyi, istərsə də digər aparıcı silah istehsal edən ölkələrin silahları ilə öldürüləcəklər. Yəni bu, həm də müharibə qanunudur - İşğal etmə və öldürülmə tezisi baxımından!

“Parlamentdə çıxışlar edib, Rusiya səfirliyinə məktubmu göndəriləcək? Çətin ki, erməni parlamentində kimsə bu məsələdə özünü qabağa versin”

Nəticədə şərhinin əvvəlində “Yelk” blokundan olan deputat Edmon Marukyanın Ermənistan parlamentində Rusiyanın Azərbaycanı silahla təchiz etməsi məsələsinin müzakirəyə çıxarılması tələbini xatırladan Akop Badalyan yazır ki, erməni deputat bununla yanaşı inflyasiya faktını da önə sürərək, küçələrə çıxmağın vaxtının çatdığını deyib. Ancaq əsas məsələnin silah təchizatı ilə bağlı olduğunu bildirib. “Bu mövqe özünü necə göstərə bilər”-yazan şərhçi qeyd edir: “Parlamentdə çıxışlar edib, Rusiya səfirliyinə məktubmu göndəriləcək? Çətin ki, erməni parlamentində kimsə bu məsələdə özünü qabağa versin. Ancaq “Yelk” bununla dayanmamalıdır və blok parlamentdən dəstək ala bilməsə, bu zaman insanların küçələrə axışaraq Rusiya səfirliyi qarşısında etirazlarını təmin etməlidir”.

Beləliklə, fakt budur ki, hətta Ermənistan parlamentində hər hansı qüvvə Rusiyaya qarşı çıxış etsə belə, dəstək ala bilmir. Çünki bu ölkənin rəhbərliyindən tutmuş ən xırda məmuruna qədər hər kəs Moskvanın nökərləridirlər. Ortaya çıxan səs-küylər, xüsusilə Rusiyanın Azərbaycanı silahla təchiz etməsinə qarşı ara-sıra qaldırılan səslər isə sadəcə, görüntüdür. Son olaraq isə belə nəticəyə gəlmək mümkündür ki, Ermənistan növbəti müharibənin başlayacağından ciddi şəkildə ehtiyat edir, qorxur. Çünki bu dəfə onlar üçün Aprel müharibəsindən daha ağır nəticələr ola bilər.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə