Şteffen-Klaudio Lemme: “Alman tələbələrinin Azərbaycanda təhsil almasını istərdik”

Şteffen-Klaudio Lemme: “Alman tələbələrinin Azərbaycanda təhsil almasını istərdik”

Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov ölkəmizdə səfərdə olan Almaniya Federativ Respublikası Bundestaqının deputatı Şteffen-Klaudio Lemmenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, qonaqları salamlayan Valeh Ələsgərov bildirib ki, belə qarşılıqlı səfərlərin intensiv xarakter daşıması hər iki ölkədə bir-birinə qarşı böyük maraq olduğunun göstəricisidir.

Bildirilib ki, elm, təhsil, iqtisadi, humanitar sahələrdə əlaqələrimizin daha da genişləndirilməsi üçün hər cür imkanlar mövcuddur. Vitse-spiker xüsusilə tələbə mübadiləsinin hər bir ölkəyə yeni fikir, yeni baxış gətirdiyini vurğulayıb.

Şteffen-Klaudio Lemme səmimi görüş üçün təşəkkürünü bildirib. Qonaq Azərbaycana ilk səfəri olduğunu və burada böyük iqtisadi irəliləyişə şahid olduğunu vurğulayıb: "Almaniyada təhsil almaq üçün Azərbaycandan 5 tələbə seçdik, Bakının bu inkişafını görəndən sonra istərdik ki, alman tələbələr də gəlib Azərbaycanda təhsil alsınlar."

Söhbətdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.

Görüşdə Almaniyanın Azərbaycandakı səfiri Herbert Kvelle iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə