Sosial şəbəkə “müxalifəti” - dövlət maraqlarını fərdi maraqlarına satan qaragüruhçu toplumu KÖŞƏ YAZISI

Sosial şəbəkə “müxalifəti” - dövlət maraqlarını fərdi maraqlarına satan qaragüruhçu toplumu KÖŞƏ YAZISI

Azərbaycan hakimiyyətinin, dövlətin və xalqın mənafelərinə istiqamətlənmiş məqsədyönlü siyasətinə qarşı açıq-aşkar düşməncəsinə çıxış edən bir qrup dırnaqrarası müxalifətçilər nədənsə son dövrlərdə “aktivləşməyə” başlayıblar. Daha dəqiq desək, yalnız hər hansı bir ictimai-siyasi hadisələrdən, eləcə də seçkilərdən uzaq olan bir zamanlarda uzunmüddətli yuxulara dalan “müxalifətçilər” passivlikdən sözdə “aktivləşməyə” doğru keçid edirlər. Xüsusilə, sosial şəbəkələrdə var-gəl edən saxta profillərlə yanaşı, onların ağaları – AXCP sədri Əli Kərimli, “Milli Şura”nın üzvləri olan Gültəkin Hacıbəyli, hətta xarici ölkələrə qaçaraq orada “klaviatura qəhrəmanlıqları” edən Qənimət Zahid və sairələri gah bu, gah da digər mövzularla yalnız ürək bulandırmaqla məşğuldurlar.

Əlbəttə, belə olan halda dövlətin mənafeyini müdafiə edən on minlərlə insan onların cavablarını əsaslanmış, arqumentli şəkildə verirlər.

Misal üçün, 20 Yanvar Şəhidlərin anım günü AXCP sədri Əli Kərimli, “Milli Şura”nın sədri Cəmil Həsənli, Müsavat başqanı Arif Hacılı və digərləri şəhidlərimizin əziz ruhlarına qarşı təhqir sayıla biləcək addımlar atdılar. Məsələ ondadır ki, həmin gündən öncə hüquq-mühafizə orqanları müxtəlif ictimai-siyasi təşkilatlara tövsiyə etmişdi ki, ziyarətlərini xalqın Şəhidlər Xiyabanına gur axını vaxtı etməsinlər. Bu, xalqın təhlükəsizliyi üçün nəzərdə tutulmuşdu. Lakin radikallardan və dağıdıcılardan olan qaragüruhçular toplumu bu tövsiyəni bir kənara qoyub, məhz xalqın gur olan vaxtı ziyarət etməyə, hətta insanlardan önə keçməyə cəhdlər göstərdilər. Üstəlik, öz nimdaş və köhnə şüarlarını çığıra-çığıra...Məgər bu faktın özü belə deməyə əsas vermirmi ki, bütün bunlar bilavasitə siyasi dividentə xal qazanmaq, eyni zamanda qəsdən qarmaqarışıqlıq yaratmağa hesablanmış addım idi?

Bütün bunların ardınca isə yuxarıda adaları çəkilən qaragüruhçular dərhal “facebook” qarşısına keçib öz ucuz təfəkkürlərinə uyğun ittihamlarla ictimailəşdirməyə çalışırdılar. Ancaq onlara verilən hər bir cavab necə deyərlər, tərs sillə effektini verdi və susmağa məcbur oldular.

Eləcə də Cümhuriyyət İli ilə bağlı siyasi şoumenlərin bu və ya digər şəkildə oyunbazlıqla məşğul olmaları, əslində Azərbaycan xalqına məxsus olan bu tarixi həqiqəti öz adlarına çıxarmaq cəhdləri də cavabsız qalmadı. Dövlətini, xalqını sevən hər bir azərbaycanlı onlara sübut etdi ki, Cümhuriyyət amili beş-on nəfərə deyil, bütün xalqa aiddir və kimsə öz kefi ilə onu mənimsəyə bilməz!

Daha bir məqam isə AXCP sədrinin müavini, Gürcüstandan qeyri-qanuni yollarla külli miqdarda pulu Azərbaycana keçirməyə cəhd edən, lakin zamanında həbs olunaraq müvafiq orqanlara təhvil verilən Gözəl Bayramlı ilə bağlıdır. Daha dəqiqi, bu şəxs qonşu ölkədə erməni lobbisinin təlimatları əsasında fəaliyyət göstərən emissarlarla görüşüb müəyyən siyasi sifarişlər alıb. Nəticədə məhkəmə ona 3 il həbs cəzası kəsib. İndi bu amil üzərində az qala üz-gözlərini cırıb haray-şivən qoparan dırnaqarası müxalifətçilər hakimiyyəti günahlandırır, guya bu həbsin “siyasi motiv” olduğunu yazırlar. Amma fakt budur ki, ortada heç bir siyasi motiv yoxdur və cinayətin sübutu mövcuddur. Hətta sosial şəbəkələrdə qaragüruhçulara sual verilib ki, məgər hər hansı partiyada fəaliyyət göstərən, ancaq cinayət edərək həbs olunanlarmı “siyasi məhbus” olurlar? Axı siyasi fəaliyyəti olmayaraq cinayət edənlər də var və varsa, Azərbaycan qanunları hər kəsə şamildir!

Beləliklə, fakt budur ki, sosial şəbəkələrdə “müxalifətçilik” edənlər, özlərini “lider” adlandıranlar bu dövlətə, bu millətə qarşı ermənilər qədər düşmən kəsilmiş şəxslərdirlər. Çünki bu gün işğalçı erməni rəhbərliyi Azərbaycana nə arzu edirsə, bunlar da eyni baxışdan çıxış edirlər. Bu səbəbdən, belələrinin ağızları zamanında susdurulmalı, qaragüruhçular yerlərində otudurulmalıdırlar. Bunu isə xalq edir, dövlətini, millətini, dövlətçilik maraqlarını sevən və xalq-iqtidar birliyinə dəstək olan böyük Azərbaycan xalqı!

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə