Devid Lidinqton: “Parlament seçkisinin Avropa standartların uyğun keçəcəyinə ümid edirəm” - MÜNASİBƏT

Devid Lidinqton: “Parlament seçkisinin Avropa standartların uyğun keçəcəyinə ümid edirəm” - MÜNASİBƏT

"Böyük Britaniya artıq Azərbaycanla energetika sahəsində kifayət qədər möhkəm əlaqələrə malikdir. Ümidvaram ki, bu əlaqələr daha da inkişaf edəcək". SİA-nın xəbərinə görə, bunu Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Devid Lidinqton bu gün Azərbaycana səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib. O bildirib ki, Azərbaycana səfərinin məqsədi iki ölkə arasında siyasi və ticari əlaqələri müzakirə etmək, həmçinin Azərbaycan-Avropa İttifaqı assosiativ sazişi ilə bağlı danışıqlar aparmaq olub.

Nazir eyni zamanda Dağlıq Qarabağ münaqişəsinə toxunaraq hər zaman Azərbaycan hökuməti ilə keçirilən görüşlərdə Böyük Britaniyanın bu məsələnin həllində hansı şəkildə kömək edəcəyi barədə təkliflərini təqdim edib. Nazir qeyd edib ki, münaqişə Helsinki Yekun Aktının 3 prinsipi - ərazi bütövlüyünə hörmət, xalqların öz müqəddəratını təyin etmə və güc tətbiq etməmək - əsasında həll olunmalıdır: "İstərdim ki, bu problemin həll yolu ən qısa zamanda tapılsın. İnsanların qoşunların təmas xəttində bir-birini öldürməkdə davam etməsi tamamilə yolverilməzdir. Biz ərazi bütövlüyü, güc tətbiq etməmək və xalqların öz müqəddəratını təyinetmə prinsipləri üzərində çalışan ATƏT-in Minsk Qrupunun təşəbbüslərini dəstəkləyirik".

D.Lidinqton Azərbaycanda keçiriləcək parlament seçkilərinə toxunaraq bildirib ki, bu seçki gənc demokratiyanın bu cür sınaqlara hazır olduğunu nümayiş etdirmək üçün imkandır. Lidinqton ölkədə demokratiyanın çox gənc olduğunu vurğulayıb: "Buna baxmayaraq, bu seçkilərin Avropa standartların uyğun keçəcəyinə ümid edirəm. Ümid edirik ki, seçkilər beynəlxalq standartlara uyğun keçiriləcək və Azərbaycan ATƏT-in 2008-ci ildə xüsusən KİV azadlığı və sərbəst toplaşmaq azadlığı haqqında irəli sürdüyü tövsiyələri yerinə yetirəcək".

Britaniyalı nazir bu gün Azərbaycanın müxalifət nümayəndələri ilə görüşəcəyini də deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə