Rəsmilər “Səs” qəzetinin ad gününü TƏBRİK ETDİLƏR

Rəsmilər “Səs” qəzetinin ad gününü TƏBRİK ETDİLƏR

2018-ci il yanvarın 11-i Azərbaycan mətbuat tarixində növbəti əlamətdar hadisə ilə yadda qalacaq. Bu möhtəşəm tarix "Səs" qəzetinin ilk sayının çapdan çıxmasından nə az, nə də çox düz 27 ilinin tamam olması ilə bağlıdır. Belə ki, bu tarixdən keçən 27 ildə Azərbaycan mətbuatı ilə birgə "Səs" qəzeti kifayət qədər şərəfli bir yol, əqidə məktəbi qət edib. Məhz Azərbaycanın müstəqilliyi ilə yaşıd olan bu qəzet bütün fəaliyyəti dövründə xalqın sevimli mətbuat orqanına çevrilməyi bacarıb və daim Azərbaycan dövlətçiliyinin, Ulu Öndər Heydər Əliyev ideallarının yaşadılmasına çalışıb. Əlbəttə ki, belə bir şərəfli, əqidəli yolu keçmək heç də hər bir mətbuata nəsib olmur.

Azərbaycanın rəsmi şəxsləri “Səs” qəzetinin yaranması günü ilə bağlı təbriklərini belə ifadə etdilər. SİA həmin təbrikləri sizlərə təqdim edir:

Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov: ““Səs” qəzetinin müstəqil Azərbaycanın mətbuat tarixində xüsusi rolu və yeri var. O zamanlar Azərbaycanda nəşr olunan qəzetlər arasında “Səs” qəzeti barmaqla sayılan qəzetlərdən idi. Bu qəzet çox böyük tirajla nəşr olunurdu və əl-əl gəzirdi. Mən qəzetin ilk yaradıcılarından, orada çalışan biri, “Əlincə“ Xeyriyyə Cəmiyyətinin məsul katibi və bu qəzetin çıxmasına məsul bir şəxs kimi deyə bilərəm ki, Ümummilli Lider Heydər Əliyevin səsini bütün dünyaya məhz “Səs” qəzeti çatdırırdı. O zamanlar ölkəmizin regionları arasında Naxçıvan daha çətin durumda idi və iqtisadi, siyasi, informasiya cəhətdən blokadaya alınmışdı.

Yadımdadır ki, qəzet o informasiyanı yardı və Naxçıvan Ali Məclisinin qəbul etdiyi bütün qərarları öz səhifəsində dərc etdirdi. Biz bunları çox çətin mübarizələr şəraitində edirdik. Çünki bildiyiniz kimi o zamanlar senzura fəaliyyət göstərirdi və harda Ümummilli Lider Heydər Əliyevin adı gəlirdisə dərhal o səhifəni çıxarırdılar və yayımlanmasına imkan vermirdilər. Amma buna baxmayaraq çox çətin və mübarizə şəraitində yazılar dərc olundu. “Səs” qəzeti o zamanki iqtidarlar, demokratiyadan dəm vuranlar tərəfindən bir neçə dəfə bağlanıb. Hətta qəzetin binasın bir neçə dəfə basqınlar olmuşdu, redaksiya dağıdılmışdı və əməkdaşlarına xəsarətlər yetirilmişdi. Azərbaycanın tanınmış ziyalılarının Ulu Öndərlə bağlı yazıları məhz “Səs” qəzetində dərc olunub. Yəni bu qəzet müstəqil Azərbaycanın bir tarixidir və öz yolu, izi vardır. Təbii ki, bu gün də o yol uğurla davam olunur və genişlənir.

Bu gün artıq SƏS Media Qrupun tərkibində “Səs” İnformasiya Agentliyi, “Səs” internet televiziyası fəaliyyət göstərir. Hesab edirəm ki, qəzet tarixdə özünün ən əsas və vacib rolunu həyata keçirib və bu gün də o yol davam etdirilir. Yeni Azərbaycan Partiyasının bütün tədbirləri, o cümlədən cənab Prezidentimizin apardığı siyasət, ölkəmizdə baş verən hadisələr “Səs” qəzetinin səhifələrində çox geniş şəkildə işıqlandırılır. Mən “Səs” qəzetinin kollektivini ürəkdən təbrik edirəm və özümü də onlardan ayırmıram. Çünki biz hamımız özümüzü bu qəzetin əməkdaşı hesab edirik".

Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə: “Bu gün 27 ildir ki, bizimlə bir yerdə addımlayan “Səs” qəzetini yaranması günü münasibətilə ürəkdən təbrik edirəm. “Səs” qəzeti müasir Azərbaycanın simalarından biridir. O, demokratik düşüncəli, Azərbaycanın müstəqilliyi yolunda ürəkdən çalışan ziyalıların tribunasına çevrilib. Qəzet Ümummilli Lider Heydər Əliyevin tarixi missiyasını, hər addımını işıqlandıran və daima təbliğ edən güclü və nüfuzlu mənbələrdən biri oldu. “Səs” qəzeti ilə Azərbaycanın müasir tarixini öyrənmək olur. Bu qəzetlə gündəlik proseslər və quruculuq işlərinin dinamikası ilə tanış olmaq olur. “Səs” qəzetinin çox güclü bir jurnalist kollektivi var. Onların hər birinin imzası oxucu kütləsinə tanışdır. Hər biri özünün hazırlığı, qətiyyəti və mövqeyi ilə böyük hörmət doğurur. Bu gün “Səs” qəzeti hər bir vətənpərvər azərbaycanlının sevdası və informasiya mənbəyidir. Qəzeti yaranması günü münasibətilə ürəkdən təbrik edirəm, kollektivə işlərində uğurlar arzulayıram. Həmişə onun səsi ilə Azərbaycanı daha çox sevməyə və sevindirməyə uğurlar arzulayıram”.

Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev: “Sözün həqiqi mənasında “Səs” qəzeti demokratiyanın, azadlığın, hüququn və həqiqətin səsi oldu. “Səs” qəzeti Azərbaycanda xalqın istəyini ifadə edən ilk qəzetlərdən biridir. Xalqın da ilk istəyi ondan ibarət idi ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycanda rəhbərliyə qayıtsın, ölkəmizi düşdüyü bəlalardan xilas etsin, dövləti qursun, Azərbaycanın ərazi bütövlüyü təmin olunsun və ölkəmizdə hüquqi demokratik dövlət qurulsun. “Səs” qəzeti bu inamdan doğan əqidənin məhsulu olaraq ortaya çıxdı. Qəzetin həm Azərbaycanın dövlətçilik tarixində, Yeni Azərbaycan Partiyasının təşəkkül tarixində, həm də ölkəmizdə demokratik mətbuatın formalaşmasında mühüm yeri və rolu vardır. “Səs” qəzeti yarandığı ilk gündən bu yana həmişə demokratik, qanun, haqqın, eləcə də xalqın və dövlətin müdafiəsi yolunu tutub. Qəzet heç zaman ucuz reklamlara, populizmə, qeyri-obyektiv yazılara getməyib. “Səs” qəzetinin həmişə səsi haqqın səsi kimi oxucular tərəfindən qəbul edilib və bu gün də belədir. Qəzetin yaranma günləri, ilk nömrələri də mənim çox yaxşı xatirimdədir. Çox şadam ki, gənc yaşlarımdan o qəzetdə əməkdaşlıq edənlərdən biri də mən olmuşam. Məqalələrim, müsahibələrim “Səs” qəzetində dərc olunmuşdu. Mən qəzetin ilk baş redaktoru olan Ağabəy Əsgərovun xüsusi xidmətlərini qeyd etmək istərdim. Hələ də yadımdadır ki, o zamanlar “Səs” qəzeti formalaşanda Ağabəy Əsgərov nə qədər təqiblərə məruz qaldı. O vaxtlar qəzetin kollektivi bu təqiblərə qarşı həqiqət uğrunda mətanətlə mübarizə apardılar. Hazırda qəzetin baş redaktoru olan Bəhruz Quliyevin dövründə də həmin ənənələr qorunub saxlanılır. “Səs” qəzeti həm Azərbaycanın mətbuat, həm də dövlətçilik tarixində şərəfli səhifə kimi qalacaq. 27 yaşınız mübarək olsun. Sizlərə fəaliyyətinizdə uğurlar arzulayıram. Qələminiz daim iti, kəsərli olsun və həmişə həqiqətə xidmət edəsiniz”.

Milli Məclisin deputatı Musa Qasımlı: “Ölkəmizin kütləvi informasiya vasitələri məkanında özünəməxsus yeri olan "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyevi və bütün əməkdaşları ürəkdən təbrik edir, möhkəm can sağlığı və yaradıcılıq uğurları arzulayıram. Qəzetin əməkdaşları yüksək peşəkarlıqları, infiormasiyanı dəqiq vermələri, dolğun və prinsipial şərhləri ilə diqqəti cəlb edir. Fikrimcə, qəzet cənab Prezidentimiz İlham Əliyevin yürütdüyü daxili və xarici siyasəti oxucularına zamanında və ustalıqla çatdıra bilir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə