Bu qış da Gəncə şəhərindəki yataqxanaların sakinləri soyuq ayları ötən illərdə olduğu kimi çətinliklərlə keçirməli olacaqlar. Şəhər təsərrüfatında payız-qış mövsümünə hazırlıq tədbirləri çərçivəsində müəyyən işlər görülsədə bu yetərli olmayıb. Yataqxanalardakı bir çox problem hələ də həllini gözləyir.
Xatırladaq ki, yataqxanaların əksəriyyətində məcburi köçkünlər yaşadığından Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi bu istiqamətdə bir sıra işlər görüb. Ancaq nəticə istənilən kimi deyil. Qurumun Gəncə şəhəri üzrə nümayəndəsi Süleyman Abbasov SİA-nın bölgə müxbirinə bildirib ki, doğma yurdlarını tərk edib, burada məskunlaşan köçkünlərin məişət şəraitini yaxşılaşdırmaq üçün komtənin xətti ilə Gəncənin 12 yataqxanasında təmir işləri aparılıb. Əsasən mənzillərdə infrastruktur yaxşılaşdırılıb. Ancaq həyata keçirilən tədbirlər mövcud olan çətinliyin aradan qaldırılmasına kifayət etmir. Çünki Gəncədə müxtəlif idarə və müəssisələrin balansında olan 50-dən çox yataqxana var və onların hamısında təmir işləri aparmaq böyük məbləğdə vəsait tələb edir.
Gəncənin ali təhsil ocaqlarına aid yataqxanalarda da vəziyyət ürəkaçan deyil. S.Abbasovun sözlərinə görə, bu barədə dəfələrlə ali təhsil ocaqlarının rektorlarına məlumat verilsə də tədbir görən yoxdur: "Gəncənin ali təhsil müəssisələrinin rektorlarına dəfələrlə müraciət olunub. Ancaq onlar təhsil ocaqlarının balansına aid olan yataqxanaların təmirinə maraq göstərmir. Gəncədə 10-12 yataqxananın təmiri problemin həlli demək deyil. İdarə və müəssisə rəhbərləri bu məsələdən qaçırlar".
Yataqxanaların qazlaşdırılması bu il də həllini tam tapmayacaq. Gəncə şəhər Qaz İstismar İdarəsindən aldığımız məlumata görə, bu kimi yaşayış yerlərində ancaq mətbəxlərə qaz çəkiləcək. Fərdi şəkildə evlərə mavi yanacağın verilməsi isə təhlükəsizlik baxımından mümkün deyil. Qurumun baş mühəndisi Şubay Nəsibovun dediyinə görə hazırlıq çərçivəsində təxminən 10-na yaxın yataqxanaya qaz çəklib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB