Ermənistandan olan azərbaycanlı qaçqınların hüquqları mövzusunda konfrans keçirilib
Beynəlxalq Diaspor Mərkəzi, Milli QHT Forumu və Bakı Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Erməni Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə "Ermənistandan olan azərbaycanlı qaçqınların hüquqları beynəlxalq müstəvidə" adlı konfrans keçirilib.
Ombudsman Aparatından SİA-ya verilən məlumata görə, tədbirə Azərbaycan Respublikası Milli Məclisinin deputatları, dövlət qurumlarının, QHT-lərin və beynəlxalq təşkilatların, ölkəmizdə akkreditasiya olunmuş diplomatik korpusun nümayəndələri, alimlər və tələbələr qatılıblar.
Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili Aparatı Elmi-analitik sektorunun müdiri Mahir Məmmədov tədbirdə iştirak edib. Millət vəkilləri M.Quliyeva, G.Əhmədova, akademiklər B.Budaqov, V.Əliyev, Beynəlxalq Diaspor Mərkəzinin sədri İ.Ağayev, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri S.Məmmədov, BDU Erməni Araşdırmalar Mərkəzinin rəhbəri Q.Çaxmaqlı və başqaları çıxış edərək, Ermənistanın Azərbaycana qarşı təcavüzü və etnik təmizləmə siyasəti nəticəsində Qərbi Azərbaycanda yaşamış 250 min soydaşımızın yurd yerlərindən amansızlıqla qovulduğunu, onların insan hüquqlarının kütləvi şəkildə kobudcasına pozulduğunu vurğulayıblar.
Ombudsman Aparatının nümayəndəsi son iki yüz ildə erməni millətçilərinin və onların havadarlarının azərbaycanlılara qarşı məqsədyönlü soyqırımı və deportasiya siyasətinin Azərbaycan xalqının tarixinə ağrılı səhifələr kimi yazıldığını, bu mənfur siyasət nəticəsində azərbaycanlıların öz tarixi torpaqlarından didərgin salındığını onların qeyri-insani rəftarla, insan ləyaqətini alçaldan hərəkətlərlə müşayiət olunan etnik təmizləməyə məruz qaldıqlarını diqqətə çatdırıb.
Ermənistanın Azərbaycana qarşı 1988-ci ildən başlayan təcavüzü nəticəsində isə ölkəmizin ərazisinin 20 faizinin işğal edildiyi, on minlərlə insanın həlak olduğu, yüz minlərlə soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyü bildirilib.
Xalqımızın tarixinin kobud şəkildə saxtalaşdırıldığı, maddi və mədəniyyət abidələrimizin, məscidlərimizin yerlə yeksan edildiyi, təhsil və səhiyyə obyektlərimizin dağıdıldığı, toponimlərimizin ermənilərin xeyrinə dəyişdirildiyi vurğulanıb.
Qeyd olunub ki, Ombudsman Elmira Süleymanovanın Bəyanatlarında Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasəti nəticəsində doğma torpaqlarından qovulmuş soydaşlarımızın insan hüquqlarının kütləvi surətdə kobudcasına pozulması, onların qeyri-insani rəftarla, insan ləyaqətini alçaldan hərəkətlərlə müşayiət olunan etnik təmizləməyə məruz qalması nüfuzlu beynəlxalq qurumların diqqətinə çatdırılıb.
Müvəkkil bu təşkilatları, ümumən dünya ictimaiyyətini Azərbaycanın haqq mövqeyini dəstəkləməyə çağırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB