Yeni Azərbaycan Partiyası zamanın sınaqlarından uğurla çıxan ən böyük siyasi təşkilatdır

Yeni Azərbaycan Partiyası zamanın sınaqlarından uğurla çıxan ən böyük siyasi təşkilatdır

Ümumiyyətlə respublikamızın müstəqillik tarixinin bələdçisi olan, nəinki ölkənin, regionun aparıcı siyasi təşkilatı kimi nüfuz qazanan Yeni Azərbaycan Partiyasının yaradılmasından 25 il ötür. 25 illik şərəfli yol keçən Yeni Azərbaycan Partiyası bu gün Azərbaycan dövlətinin onurğa sütununu təşkil edir. Hər bir tarixi gün keçilən yolun təhlilini bir zərurət kimi ortaya çıxarır. Partiyanın yaradıcısı, müstəqil Azərbaycanın memarı və qurucusu olan Ulu Öndərimiz Heydər Əliyevin "Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi prosseslərin içərisindən çıxan zərurətdir. O, bir adamın istəyi ilə yaranan partiya deyildir. Azərbaycanda yaranan partiyaların bir çoxu ayrı-ayrı şəxslərin, siyasi fəaliyyət başlayan adamların şəxsi təşəbbüsü ilə, onların ətrafında toplaşan adamların təşəbbüsü ilə yaranan partiyalardır. Ancaq Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq istəyən, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan, hərəsinin öz tərəfindən hərəkət etməsi nəticəsində, ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmış bir partiyadır" fikirləri Yeni Azərbaycan Partiyasının hansı zərurətdən yaradılmasına işıq salmaqla yanaşı, perspektivlərini də açıqlayır.

YAP çətinliklərdən uğurla çıxaraq böyük şərəfli yol keçmiş, müxalifət partiyası kimi siyasi arenaya gələrək qısa zamanda iqtidar partiyasına çevrilərək sıralarını kəmiyyət və keyfiyyət baxımından daha da zənginləşdirmiş, qarşıya yeni-yeni hədəflər qoyaraq, onlara nail olmaq üçün ciddi səylər göstərərək, biri-birindən əhəmiyyətli uğurlara imza atır.

Ötən hər günün ölkənin, partiyanın həyatında böyük rol oynadığını, hesabat xarakteri daşıdığını nəzərə alsaq, 25 ildə keçilən yolun geniş xarakteristikasını bir yazı çərçivəsində əhatə etmək mümkünsüzdür. Böyük çətinliklərə, fırtınalara sinə gərərək, həyata keçirdiyi uğurlu siyasəti ilə milyonların partiyası imicini qazanan Yeni Azərbaycan Partiyası öz adında böyük bir mənanı və məqsədi birləşdirir. Müstəqilliyinin ilk illərində ölkəyə rəhbərlik edənlərin siyasi savadsızlığı, səriştəsizliyi ucbatından varlığı şübhə altında qalan, dünya xəritəsindən bir dövlət olaraq silinmək təhlükəsini yaşayan Azərbaycanın bu bəlalardan xilas olması üçün xalqın üzünü Ulu Öndər Heydər Əliyevə tutması gələcəyə ümiddən xəbər verirdi. Yəni həmin dövrdə ölkədə yaranan vəziyyət xalqda sabaha ümidsizlik yaratsa da, bir təsəlli var idi ki, dahi şəxsiyyət Heydər Əliyev hakimiyyətə qayıdarsa, öz siyasi bacarığı, təcrübəsi, güclü idarəçilik qabilyyəti sayəsində mövcud problemlərin həllinə yol açar, Azərbaycanı inkişaf və tərəqqi yoluna çıxarar. Xalqın böyük əksəriyyətinin istəyinin ifadəsi olan 91 nəfər ziyalının "Səs" qəzeti vasitəsi ilə Ümummilli Liderimiz Heydər Əliyevə müraciətində də bu inam öz əksini tapmışdır: "İndiki vəziyyətdə bu çətin və məsuliyyətli işi respublikada öz üzərinə götürməyə qadir yeganə şəxs Sizsiniz! Uzun illər əldə etdiyiniz dövlət quruculuğu təcrübələrinizə əsaslanaraq, Siz, qısa müddətdə Azərbaycanda geniş xalq kütləsini əhatə eləyəcək çox böyük, güclü, nüfuzlu və işlək bir partiya yaratmağa qadirsiniz... Biz Yeni Azərbaycan Partiyasını yeni düşüncə tərzli insanların Sizin ətrafınızda sıx birləşdiyi mütəşəkkil, güclü aparıcı qüvvəyə malik bir partiya kimi görürük." Müraciətdə bu inam da ifadə olunmuşdur ki, Azərbaycanımızın bu günü, sabahı naminə başqa partiya, qurum və cəmiyyətlərin vətənpərvər üzvləri də həlledici anda, məhz bu partiyanın mövqeyində dayanacaqlar.

Bu gün partiyanın fəaliyyətində demokratik prinsipləri öndə saxlayaraq birləşdirici missiyanı yüksək səviyyədə yerinə yetirməsi, sıralarını kəmiyyət və keyfiyyət baxımından zənginləşdirməsi Ümummilli Lider Heydər Əliyevin bu əminliyinin böyük əsaslara söykəndiyini təsdiq etməklə yanaşı, partiyanın öz dəsti-xəttinə sadiqliyini də nümayiş etdirir. Yeni Azərbaycan Partiyasının yaradılmasının 15 illiyi şərəfinə həsr olunmuş ziyafətdə Prezident İlham Əliyev 1992-ci ildə müxalifət partiyası kimi yaradılan YAP-la indiki müxalifət arasında fərqi təhlil edərək bildirmişdir ki, biz dövlətə, dövlətçiliyə yox, o vaxtkı antimilli iqtidara müxalifətdə idik. "Deyə bilərəm ki, Yeni Azərbaycan Partiyası Azərbaycanda siyasi davranış, siyasi mədəniyyət nümunəsini göstərmişdir. Biz müxalifətdə əlimizdə daş-kəsəklə yox, əlimizdə qələmlə çalışırdıq. İdeyalarımızı, fikirlərimizi öz çıxışlarımızda, məqalələrdə, ictimai tədbirlərdə irəli sürürdük. Bugünkü müxalifətdən fərqli olaraq, biz maksimum dərəcədə siyasi mədəniyyət göstərmişdik. Siyasi opponentləri təhqir etməmişdik, onlara fiziki xəsarət yetirməmişdik. Biz, sadəcə, xalqın iradəsinə arxalanaraq, Azərbaycanın uğurlu gələcəyinə çalışırdıq."

Dahi şəxsiyyət Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı yeni, müasir Azərbaycanın yaranmasını şərtləndirdi. O, uğurlu, düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbaycanı yenidən qurdu. Azərbaycanın dünyaya günəş kimi doğacağını bir hədəf kimi qarşıya qoyan Ulu Öndər Heydər Əliyev çox qısa zamanda bu məqsədə nail oldu. Ölkədə sabitliyin, əmin-amanlığın yaradılması malik olduğumuz enerji resurslarından səmərəli istifadəyə yol açdı. Dövlət başçısı İlham Əliyev hər zaman çıxışlarında 1993-cü ildəki Azərbaycanla bugünkü Azərbaycanı müqayisə edərək, bu reallığı bəyan edir ki, müstəqil müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir: "O vaxt Azərbaycanda xaos hökm sürürdü. Bu gün Azərbaycanda sabitlikdir. O vaxt Azərbaycanda hərc-mərclik var idi. Bu gün Azərbaycanda sülhdür və əmin-amanlıqdır. O vaxt Azərbaycanın iqtisadiyyatı tənəzzülə uğrayırdı. Bu gün Azərbaycan dünyada ən dinamik inkişaf edən ölkələrdən biridir. O vaxt Azərbaycan vətəndaş müharibəsi ilə üz-üzə qalmışdı. Bu gün Azərbaycanda milli birlik və milli həmrəylik mövcuddur. O vaxt Azərbaycanda total böhran hökm sürürdü. Bu gün dünyanın aparıcı dairələri etiraf edir ki, Azərbaycan ən qüdrətli ölkəyə çevrilməkdədir. Bütün bunları edən, bütün bunları yaradan xalqın dəstəyinə arxalanan xalqımızın Əbədi Lideri Heydər Əliyev olmuşdur. Onun zəhmətidir, Onun əməyidir ki, xalqla birlikdə bu gün biz Azərbaycanı daha da inamla, daha da sürətlə inkişaf etdiririk."

Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış 1993-2003-cü illər ölkəmizin dirçəlişi və tərəqqisi dövrü kimi xarakterizə olunur. Xaosdan, anarxiyadan, özbaşınalıqdan, iqtisadi böhrandan xilas olan Azərbaycan bütün çətin anları geridə qoyaraq, inkişaf yoluna çıxdı. İqtisadi sahədə yaşanan tənəzzül aradan qaldırıldı, siyasi prosseslər müsbət məcrada inkişaf etməyə başladı. Ölkəmizdə siyasi plüralizm, demokratiya, söz və fikir azadlığı bərqərar oldu və çoxpartiyalı sistem yaradıldı. Bu sistemin yaradılmasında Yeni Azərbaycan Partiyasının rolu inkaredilməzdir. Bu fikir dövlət başçısı İlham Əliyevin çıxışlarında da hər zaman önə çəkilir ki, Yeni Azərbaycan Partiyası öz mövqeyini başqa partiyaları zəiflətməklə yox, öz fəaliyyəti ilə təmin etmişdir. YAP bu gün Azərbaycan cəmiyyətinin bütün təbəqələrini birləşdirən partiyadır. Ölkəmizin uğurlarında partiyamızın rolu böyükdür və danılmazdır.

26 illik müstəqillik tarixinə malik olan Azərbaycanın keçdiyi inkişaf yolunun qısa təhlili bu uğurlara töhfələri ilə diqqətçəkən Yeni Azərbaycan Partiyasının inkişaf tarixinə baxışımızdan irəli gəlir. Dövlətə və xalqa xidməti fəaliyyətinin önündə saxlayan Yeni Azərbaycan Partiyasının uğurları davamlıdır, yeni-yeni hədəflərə çatmaq üçün ciddi səylər göstərir. Demokratik cəmiyyətin mövcudluğunu təsdiqləyən əsas göstəricilərdən biri, məhz ölkədə seçkilərin azad, şəffaf və dünya standartlarına uyğun keçirilməsidir. 1995-ci ildə Milli Konstitusiyamızın qəbulundan ötən dövr ərzində ölkəmizdə keçirilən prezident, parlament və bələdiyyə seçkilərinə, ümumxalq səsverməsinə diqqət yetirsək, Yeni Azərbaycan Partiyasının böyük qələbələr qazanması xalqın ona inamının, dəstəyinin göstəricisidir. Ulu Öndərimiz Heydər Əliyevin yaradıcısı olan Yeni Azərbaycan Partiyası son 14 ildə dövlət başçısı Cənab İlham Əliyevin rəhbərliyi altında uğurla inkişaf edir, təkmilləşir, yeniləşir. Hazırda sıralarında 700 mindən artıq üzvü birləşdirən partiyamızın hər bir üzvü ölkəmizin uğurlarına töhfə verməyə çalışır. Yeni Azərbaycan Partiyasının nümayəndələri bütün orqanlarda fəal iştirak edir, öz fəaliyyətləri ilə ölkəmizi gücləndirir, siyasi sistemin inkişafında fəal rol oynayırlar. Dövlət başçısı İlham Əliyev bildirir: "Biz iqtidar partiyasıyıq. Ona görə iqtidar partiyasıyıq ki, bizim siyasətimiz xalq siyasətidir. Deyə bilərəm ki, biz ümumxalq partiyasıyıq. Çünki Azərbaycanın qarşısında duran bütün məsələlərdə biz fəal iştirak edirik. Biz öz əməyimizlə bu siyasəti aparırıq."

Bu reallıq da inkaredilməzdirki, siyasət ilk növbədə, praktik işlərdir. Görülən işlər, sözlə əməl birliyi Yeni Azərbaycan Partiyasının nüfuzunu artırır, Azərbaycanın siyasi səhnəsində yeganə ciddi siyasi qüvvəyə çevirir. Heç bir siyasi qüvvə Yeni Azərbaycan Partiyası ilə rəqabət aparmaq imkanında deyil.

Partiyanın sıralarında gənclərin daha çoxluq təşkil etməsi öz potensial imkanlarından istifadə etmək üçün lazım olan şəraitin yaradılmasından irəli gəlir. Gənc siyasətçilərin yetişdirilməsinə xidmət edən layihələrin icrası təqdir olunur. Dövlət siyasətində gənclərə diqqət və qayğı partiyanın fəaliyyətində də özünü qabarıq şəkildə büruzə verir. Məlum olduğu kimi, son parlament və bələdiyyə seçkilərində gənclərin təmsilçilik faizlərinin artırılması qarşıya mühüm vəzifə kimi qoyularaq, bu istəyə lazımi səviyyədə nail olunmuşdur. Partiyanın hər bir üzvü kimi, gənclər də müstəqil Azərbaycanın daha da qüdrətlənməsinə, çiçəklənməsinə səy göstərir.

Təbii ki, əvvəldə də qeyd etdiyimiz kimi, bir yazı çərçivəsində ölkənin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolunu əhatə etmək qeyri-mümkündür. Ümumiləşdirmə aparsaq, Ulu Öndər Heydər Əliyevin böyük inamla söylədiyi "Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır" fikri bu günümüzün reallığıdır. Bu gün sıralarında 700 mindən artıq üzvü birləşdirən Yeni Azərbaycan Partiyası 25 illik tarixi yoluna böyük qürur hissi ilə baxır. Azərbaycanın hər bir uğurunda imzası olan Yeni Azərbaycan Partiyası gələcəyə böyük inamla irəliləyir.

Manaf Manafov,

YAP üzvü, Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi

Bütün xəbərlər Facebook səhifəmizdə