Gəncədə “avtoş”lar saxlanılıb

Gəncədə “avtoş”lar saxlanılıb

Gəncə şəhər Dövlət Yol Polisi avtomobillə xuliqanlıq edən sürücülərə qarşı mübarizəni gücləndirib. Nəticədə dünən gecə və bu gün səhər saatlarında şəhərin müxtəlif istiqamətlərində avtomobillə xuliqanlıq edən Gəncə və Şəmkir sakinləri tutulub.

Gəncə şəhər Polis İdarəsindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, yol hərəkəti qaydalarını kobud şəkildə pozan Gəncə şəhər sakinləri 1985-ci il təvəllüdlü İsmayılov Ceyhun Fazil oğlu, 1986-cı il təvəllüdlü Məmmədov Edman Allahverdi oğlu və Şəmkirdə yaşayan 1984-cü il təvəllüdlü Hüseynov Namiq Müslüm oğlu tutularaq Kəpəz rayon Polis Şöbəsinin müvəqqəti saxlanma təcridxanasına yerləşdirilib.

Məlumatda bildirilir ki, həmin şəxslərdən biri İsmayılov Ceyhun Fazil oğlu artıq üçüncü dəfədir ki, avtomobilini qaydalar çərçivəsində idarə etmədiyinə, eyni zamanda yol polisi əməkdaşlarının göstərişlərinə tabe olmadığına görə məsuliyyətə cəlb olunub.

Faktla bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 296.1.1 (xırda xuliqanlıq) maddəsi ilə yuxarıda adları çəkilən şəxslərdən Gəncə sakinləri Məmmədov Edman Allahverdi oğlu və Hüseynov Namiq Müslüm oğlu 10 gün müddətində digər şəxs İsmayılov Ceyhun Fazil oğlu isə 2 gün müddətində azadlıqdan məhrum edilib. Qərar Gəncə şəhər Nizami rayon Məhkəməsi tərfindən verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə