"Rusiyanın Ermənistana AES-in bərpası üçün kredit ayırması təhlükəli tendensiyadır" MÖVQE
“Ümumiyyətlə, Ermənistanın nüvə təhlükəsizliyi ilə bağlı yürütdüyü siyasət beynəlxalq normalara, sənədlərə ziddir. Çünki, burada söhbət təkcə Ermənistanın deyil, digər regionlar, ətraf ölkələrdə yaşayan əhalinin təhlükəsizliyindən gedir”. Bunu SİA-ya politoloq İlqar Vəlizadə Sarkisyanın Aİ ilə Ermənistan arasında paraflanmış sazişə qarşı təxribat fəaliyyətinə münasibət bildirərkən deyib.
Politoloq bildirib ki, sazişdə Ermənistan hökuməti Atom Elektrik Stansiyasının ( (AES) fəaliyyətini dayandırmaq barədə öhdəlik götürməsi haqqında ifadə açıq-aşkar öz əksini tapsa da, düşmən ölkənin hər zaman olduğu kimi bu dəfə də sözünə sahib çıxmaması onun ikiüzlü siyasətinin bariz göstəricisidir.
Ermənistan AES-in aktiv seysmik zonada yerləşdiyini xatırladan İ. Vəlizadə söyləyib ki, Azərbaycan tərəfi dəfələrlə stansiyanın bağlanması ilə bağlı məsələni beynəlxalq səviyyədə qaldırıb və bildirilib ki, AES-in bağlanması vaxtı çoxdan çatıb: “Bildiyiniz kimi stansiyada təhlükəsizlik məsələlərinə riayət olunmur. Çünki bunun üçün Ermənistanın maliyyə vəsaiti yoxdur. Əgər AES-də hər hansı bir hadisə baş versə, o zaman Azərbaycan, Türkiyə, İran, Gürcüstanın əhalisi ziyan çəkə bilər”.
Politoloq qeyd edib ki, Rusiyanın Ermənistana AES-in bərpası üçün 300 milyon dollar kreditin ayırması təhlükəli tendensiyadır: “Çünki bununla problem həll olunmur, sanki problemin müddəti uzadılır. Sarkisyan da bundan istifadə edərək region ictimaiyyətini hədəf, təhlükə altında saxlamağa çalışmaqla yanaşı, ondan təhdid obyekti kimi istifadə edir. Çünki dəfələrlə Sarkisyan bildirib ki, əgər regionda hər hansı bir müharibə baş versə, o zaman AES-ə dəyən zərər digər ölkələrə də dəymiş olacaq. Bu, region ölkələri üçün təhdid formasıdır. Ermənistan prezidenti dünyanın iri gücləri arasında riyakarlıq etməkdən çəkinmir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB