Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli Zirvə görüşü Türkiyə KİV-lərinin diqqət mərkəzində olub

Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli Zirvə görüşü Türkiyə KİV-lərinin diqqət mərkəzində olub

Türkiyənin nüfuzlu kütləvi informasiya vasitələri Azərbaycan Prezidenti İlham Əliyevin İrana səfərini ətraflı işıqlandırıb. Qardaş ölkənin mediası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin noyabrın 1-də Tehranda keçirdikləri üçtərəfli Zirvə görüşü barədə geniş məlumatlar yayıb.

Türkiyə KİV-ləri Zirvə görüşündə müzakirə edilən iqtisadi məsələlərə daha çox diqqət ayırıb. Qeyd olunur ki, tərəflər “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin yaxın zamanlarda istifadəyə verilməsinə xüsusi diqqət yetirirlər. Prezidentlərin birgə keçirdikləri mətbuat konfransında səsləndirilən fikirlər də media tərəfindən maraqla qarşılanıb.

Anadolu Agentliyi

Anadolu Agentliyi Azərbaycan Prezidentinin İrana səfəri və Zirvə görüşü barədə çoxlu xəbər yayıb. Bu xəbərlərdə Prezident İlham Əliyevin İran İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xamenei, eləcə də İran və Rusiyanın dövlət başçıları ilə görüşlərinə yer ayrılıb. Xəbərlərdən birində Prezident İlham Əliyevə istinadla qeyd edilir ki, ortaq əməkdaşlıq əsasında Azərbaycan, Rusiya və İranın iqtisadi sahədə həyata keçirdikləri tədbirlər regionun təhlükəsizliyi və sabitliyi üçün xüsusi önəm daşıyır. Bundan başqa, informasiyalarda qeyd olunur ki, zəngin karbohidrogen ehtiyatlarına malik olan Azərbaycan, Rusiya və İran arasında üçtərəfli əməkdaşlıq əlaqələrinin genişlənməsi region üçün əhəmiyyətlidir.

TRT HABER

Türkiyənin ən nüfuzlu televiziya kanallarından olan TRT HABER Azərbaycan, Rusiya və İran prezidentlərinin Tehranda keçirdikləri Zirvə görüşü barədə geniş reportaj yayımlayıb. Azərbaycan və Rusiya dövlət başçılarının rəsmi qarşılanması, Zirvə görüşü və dövlət başçılarının birgə mətbuat konfransı ilə bağlı kadrların yer aldığı reportajda üç qonşu dövlətin üçtərəfli formatda əməkdaşlıq əlaqələrinin qurulmasının böyük əhəmiyyət daşıdığı diqqətə çatdırılıb. Həmçinin qeyd edilib ki, tərəflər “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tikintisinin sürətləndirilməsinə böyük dəstək verirlər.

NTV kanalı

NTV televiziya kanalı da Azərbaycan Prezidenti Ilham Əliyevin İrana səfərinə dair məlumat yayıb. Kanalın saytında yerləşdirilən informasiyada diqqətə çatdırılır ki, bu görüşün əsas məqsədi üç ölkə arasında iqtisadi yüksəlişi təmin etməkdir. Bundan başqa, məlumatda görüşün sonunda Azərbaycan Prezidenti İlham Əliyev, İran Prezidenti Həsən Ruhani və Rusiya Prezidenti Vladimir Putin tərəfindən Zirvə görüşünün Birgə Bəyannaməsinin imzalandığı diqqətə çatdırılır.

“Türkiyə” qəzeti.

Qardaş ölkənin çoxtirajlı “Türkiyə” qəzeti də oxucuları Azərbaycan, Rusiya və İran prezidentlərinin Zirvə görüşü barədə məlumatlandırıb. Görüşün nəticələri barədə ümumi məlumat verən qəzet, həmçinin Azərbaycan, Rusiya və İran arasında üçtərəfli əməkdaşlıq formatının tarixinə nəzər salıb. Qeyd edilib ki, bundan əvvəlki Zirvə görüşündə tərəflər terrorizmlə birgə mübarizə, Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi ilə bağlı mühüm qərarlar qəbul ediblər.

“Hüriyyət” qəzeti.

Azərbaycan, Rusiya və İran dövlət başçılarının Tehranda keçirilən üçtərəfli Zirvə görüşü barədə geniş məlumat yayan qardaş ölkənin ən nüfuzlu qəzetlərindən olan “Hüriyyət” yazır ki, Prezident İlham Əliyev görüşdə Azərbaycan, Rusiya və İran arasındakı əlaqələrin genişlənməsindən məmnunluğunu ifadə edərək qeyd edib ki, “Şimal-Cənub” nəqliyyat dəhlizinin fəaliyyəti gələcəkdə ölkələr arasında nəqliyyat və ticarət əlaqələrinin yüksəlişinə təkan verəcək.

Ümumiyyətlə, Türkiyə KİV-ləri Azərbaycan, Rusiya və İran dövlət başçılarının Tehranda keçirdikləri Zirvə görüşünü yüksək qiymətləndirib. Zirvə görüşü barədə “Sözçü”, “Yeni çağ” və digər qəzetlər də maraqlı məlumatlar yayıb.(AZƏRTAC)

Bütün xəbərlər Facebook səhifəmizdə