AŞPA Ermənistandan gizir Mübariz İbrahimovun və zabit Fərid Əhmədovun meyitlərinin qaytarılmasını tələb etdi

AŞPA Ermənistandan gizir Mübariz İbrahimovun və zabit Fərid Əhmədovun meyitlərinin qaytarılmasını tələb etdi

Avropa Şurası Parlament Assambleyasının payız sessiyasının ötən günkü iclası heç də Ermənistan tərəfinin arzu etdiyi kimi keçməyib. SİA-nın AŞPA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Ermənistan hökumətinin Azərbaycan Ordusunun şəhid olan giziri Mübariz İbrahimov və zabit Fərid Əhmədovun meyitləri ilə bağlı siyasəti assambleyanın iclasında kəskin olaraq tənqid olunub və Azərbaycan tərəfinin meyitlərlə bağlı müraciəti əsas sənəd kimi qəbul edilib. Azərbaycanlı nümayəndə heyətinin etdiyi yazılı müraciətdə Azərbaycan Ordusunun giziri Mübariz İbrahimovun öldürülməsi barəsində geniş məlumat verilib. Müraciətdə göstərilib ki, Azərbaycanın və Beynəlxalq Qırmızı Xaç Komitəsinin səylərinə baxmayaraq Ermənistan hakimiyyəti indiyədək Mübariz İbrahimovun meyitini qaytarmaqdan imtina edir. Sonda AŞPA meyitlərin geri qaytarılmasını tələb edən bəyanat qəbul edilb.

 

Azərbaycan tərəfinin təqdim etdiyi yazılı müraciət formasında hazırlanan sənəd "Azərbaycanlı hərbi qulluqçuların meyitlərinin qaytarılmasının vacibliyi" adlanır. Müraciətdə həmçinin Azərbaycan Ordusunun zabiti Fərid Əhmədovdan da söz açılır: "Sentyabrın 4-də atəşkəs rejimini pozan Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindəki mövqelərindən Azərbaycanın mövqelərinə hücuma keçiblər. Hücum dəf edilərkən Azərbaycan Ordusunun zabiti Fərid Əhmədov şəhid olub. O vaxtdan Ermənistan dövləti onun meyitini qaytarmaqdan imtina edir".

 

Qəbul olunan sənəddə bildirilir ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin rəsmi şəxslərinin regiona səfəri zamanı erməni tərəfi Mübariz İbrahimov və Fərid Əhmədovun meyitlərinin onlarda olduğunu etiraf ediblər: "AŞPA belə halların beynəlxalq konvensiyalar və beynəlxalq hüquqa ziddi olduğunu, xüsusilə, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması danışıqlarına mənfi göstərdiyini qeyd edir və Ermənistanı gizir Mübariz İbrahimov və zabit Fərid Əhmədovun meyitlərini Azərbaycana qaytarmağı tələb edir".

 

Sənəd Azərbaycan nümayəndə heyəti tərəfindən hazırlanıb və Avropa Şurasında ingilis və fransız dillərində yayılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə