Ermənistanın regionda təcridi: düşmənin öz dili ilə AKTUAL

Ermənistanın regionda təcridi: düşmənin öz dili ilə AKTUAL

Sarqis Artsruni: “Yerevan xarici siyasət potensialını tükədib”

Ermənistan mediası Bakıda Azərbaycan, Türkiyə, Qazaxıstan prezidentlərinin, eləcə də Gürcüstanın baş nazirinin Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun açılma törəninə qatılmaları və bu layihənin ermənilərə ciddi zərbə vuracağı ətrafında narahatlıqlarını gizlətmirlər. Bu barədə yazan Ermənistanın 1in.am saytının siyasət bölməsinin yazarı Sarqis Artsruni BTQ layihəsinin istifadəyə verilməsi ətrafında şərh yazıb və orada Ermənistanın layihədən kənarda qalmasının səbəbləri qeyd olunub.

“Bakıda bəyan edirlər ki, Qarabağ problemi həll olunmayana qədər, Ermənistan bu tipli layihələrin heç birində iştirak edə bilməz”

“Ermənistan kənarda qalmaqla, 900 kilometrlik dəmir yolunun tikintisinə 10 il əvvəl başlanılıb”-deyə yazan erməni informasiya agentliyi layihənin əsas təşəbbüskarlarının Azərbaycan, Gürcüstan və Türkiyə olduğunu xatırladıb. SİTAT: “Azərbaycan heç vaxt gizlətməyib ki, bu layihə onun üçün yalnız iqtisadi deyil, həm də siyasi əhəmiyyət daşıyır və bu layihənin əsas məqsədlərindən biri də Ermənistanın təcrid olunmasına hesablanıb. Bakıda bəyan edirlər ki, Qarabağ problemi həll olunmayana qədər, Ermənistan bu tipli layihələrin heç birində iştirak edə bilməz”

“Yerevanda aşkar şəkildə yanılıblar, çünki onlar (hakimiyyət) mövcud vəziyyətdə erməni-gürcü dostluq münasibətlərinə həddə ziyadə arxalanırdılar”

Bununla erməni siyasi şərhçisi qeyd edir ki, Ermənistanın bu məsələ ətrafındakı siyasəti praqmatizm üzərində deyil, BTQ-nin reallaşmamasına səbəb olacaq maneələrin yaranması ümidləri üzərində qurulmuşdu: “Bizim məmurlar ya bu layihənin iqtisadi baxımdan uğursuz olacağını deyirdilər, ya da ona ümid edirlər ki, Saakaşvilinin gedişindən sonra BTQ Gürcüstanın yeni hakimiyyəti üçün prioritet hesab edilməyəcək. Yerevanda aşkar şəkildə yanılıblar, çünki onlar (hakimiyyət) mövcud vəziyyətdə erməni-gürcü dostluq münasibətlərinə həddə ziyadə arxalanırdılar”.

“Başqa tərəfdən, Azərbaycan son illər sübut etdi ki, hətta iqtisadi itkilər olarsa belə, Ermənistanın təcrid olunması, bu ölkənin regional mövqelərinin zəiflədilməsi, Qarabağ məsələsində status-kvonun dəyişdirilməsi üçün nəhəng layihələri reallaşdırmaq gücündədir”-deyə yazan erməni siyasi şərhçisinə görə, Ermənistan regional inteqrasiya sahəsindən kənarda qalır və BTQ bu amili təsdiq edən əsas göstəricilərdəndər: “Ermənistan üçün heç də xoş olmayan bu konyuktura bilavasitə Yerevanın müstəqil və yetərli siyasət yürüdə bilməməsinin məntiqi nəticəsidir”.

Hətta İrana olan ümidlər də tükənib: “İran Ermənistan tərəfinin qarşılıq təşəbbüslərini müddətsiz şəkildə gözləmək fikrində deyil”

Sarqis Artsruni hesab edir ki, Ermənistan birtərəfli qaydada Moskvadan asılı vəziyyətdə qalıb və bu, ölkənin subyekt olaraq məhvinə səbəb olur. “Yerevan xarici siyasət potensialını tükədib”-erməni müəllifi yazır.

Erməni şərhçi onu da qeyd edir ki, hazırda Tehrandan Yerevana ikitərəfli regional əməkdaşlıq səviyyəsində müxtəlif təkliflər gəlsə də, bu amil də Rusiya faktorundan asılı vəziyyətdə qalır. Lakin Azərbaycan intensiv qaydada İran istiqamətində də siyasi və iqtisadi siyasətini yürüdür və bu faktor da nəticə etibarilə Ermənistanın təcrid olunması ilə nəticələnir. SİTAT: “Bir neçə gün sonra Bakıda Rusiya, İran və Azərbaycan prezidentlərinin üçtərəfli əməkdaşlıq çərçivəsində ikinci sammiti baş tutacaq. İran və Azərbaycan arasında dəmir yolu körpüsünün açılışı həyata keçiriləcək. Bu layihə BTQ-nin iqtisadi və siyasi əhəmiyyətinə əlavə üstünlüklər qazandıracaq. Və hazırda İranın Azərbaycanla deyil, məhz Ermənistanla regional layihələr həyata keçirməsinin daha məqsədəuyğun olması ətrafında illüziyalara yol açmaq da lazım deyil. Hətta bu cür olsa belə, İran Ermənistan tərəfinin qarşılıq təşəbbüslərini müddətsiz şəkildə gözləmək fikrində deyil”.

“Ermənistanın mövcud hakimiyyəti nə erməni-rus münasibətlərinə yenidən baxılması cəhətindən, nə də Qarabağ siyasəti ətrafında ümidverici heç bir addım ata bilmir”

Artsruniyə görə, regional prosesləri müşahidə edərkən, açıq-aydın görünür ki, Yerevanın Dağlıq Qarabağ məsələsində dəstəklədiyi status-kvo siyasəti perpektivsidzidr və bu, ölkənin izlolə olunması ilə yanaşı, ölkə daxilində təhlükəli demoqrafik konyukturaya yol açır: “Ancaq Ermənistanın mövcud hakimiyyəti nə erməni-rus münasibətlərinə yenidən baxılması cəhətindən, nə də Qarabağ siyasəti ətrafında ümidverici heç bir addım ata bilmir. Və belə bir fonda Ermənistanın regional təcridi get-gedə daha real hal almağa başlayır”.

Beləliklə, fakt budur ki, Ermənistanda istər ictimai-siyasi dairələrdə, istərsə də mediada bir reallıq dərk olunur – mövcud hakimiyyət bütün hallarda ölkəni dərin uçuruma yuvarlayıb. İndi isə xilas yolunu tapa bilmir. Xüsusilə, Rusiyadan asılı vəziyyətdə qalan işğalçı ölkə bütün hallarda məğlub duruma düşüb və Azərbaycanın regional iqtisadi uğurları bir daha sözügedən reallığı tam şəkildə istbatlamaqdadır.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə