Minsk Qrupu həmsədrləri bu gün İrəvana gedəcək - SƏFƏR

Minsk Qrupu həmsədrləri bu gün İrəvana gedəcək - SƏFƏR

ATƏT-in Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyəti araşdırmaq və qiymətləndirmək üçün təşkil etdiyi səhra missiyasının üzvləri işğal olunmuş ərazilərdə işə 2 gün bundan qabaq başlamaları nəzərdə tutulsa da onların sabahdan öz işlərinə başlayacağı bildirilir. SİA-nın xəbərinə görə, Minsk Qrupu həmsədrlərinin və bəzi beynəlxalq təşkilatların ekspertlərinin daxil olduğu missiyanın tam tərkibi haqda məlumat verilmir. Bununla belə, həmsədrlər oktyabrın 4-də Bakıya gəliblər və rəsmilərlə görüşlər keçiriblər. Missiyanın bu gün İrəvanda olacağı gözlənilir. Sabah isə onlar İrəvandan Xankəndinə gələcəklər. İşğal olunmuş ərazilərdə vəziyyəti araşdırmaq üçün beynəlxalq missiya rəsmi Bakının tələbi əsasında yaradılıb. Missiya Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş 7 rayonun ərazisində olacaq və qanunsuz məskunlaşma, ekoloji vəziyyət, tarixi-mədəniyyət abidələrinin vəziyyəti və digər məsələləri araşdırıb hesabat hazırlayacaq. Missiyanın oktyabrın 14-nə dək davam edəcəyi bildirilir.

 

Eyni zamanda BMT-nin İnkişaf Proqramı missiyanın tərkibinə öz nümayəndəsini daxil etməkdən imtina edib. Təşkilat bunun səbəblərini açıqlamır. Bundan əvvəl Minsk Qrupunun amerikalı həmsədri Robert Bradtke bildirib ki, onlar missiyanın tərkibinə BMT İnkişaf Proqramının (UNDP) və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndələrini də daxil etməyə çalışacaqlar.

 

Qeyd edək ki, 2 gününü itirən missiya üzvləri Dağlıq Qarabağa bitişik rayonların ərazisində olacaqlar və oradakı vəziyyəti araşdıracaqlar. Araşdırmaların yekunu olaraq hesabat hazırlanacaq və ATƏT rəhbərliyinə təqdim olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə