Bölgənin enerji layihələrindən kənarda saxlanılan yeganə ölkə: Ermənistan

Bölgənin enerji layihələrindən kənarda saxlanılan yeganə ölkə: Ermənistan

Dünyada artan enerji ehtiyacının necə ödəniləcəyi məsələsi uzun müddətdir ki, dünya gündəmini məşğul edib. Azərbaycanın da daxil olduğu Cənubi Qafqaz və Orta Şərq regionlarında hörümçək toru kimi boru xətti layihələri icra olunur. Ortada bir çox məsələlər var: dövlətlərin mənfəətləri, maliyyə çətinlikləri, diplomatik manevrlər, artan tələb qarşısında məhdud enerji mənbələri. Heç kimə də sirr deyil ki, bölgə ölkələrinin enerji siyasətlərinin, eləcədə təbii qaz və neft boru kəmərlərinin istiqamətinin müəyyənləşməsində regiondan xeyli uzaqda olan ABŞ mühüm rol oynayır.

 

Türkiyənin İstanbul şəhərində bu həftə keçirilən Qara dəniz Enerji və İqtisadiyyat Forumunda ABŞ-ın Avrasiyada energetika məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstar da iştirak edib və o jurnalistlərlə söhbətində ölkəsinin yürütdüyü enerji siyasətini bir daha diqqətə çatdırıb. SİA-nın "Hürriyət" qəzetinə istinadən verdiyi məlumata görə, o, Azərbaycanın da iştirak etməyə razılıq verdiyi "Nabucco" layihəsinin gələcəyi ilə bağlı fikirlərini bildirib.

 

""Nabucco" boru xətti strateji və siyasi baxımdan seçim edilə bilən bir layihədir"

 

Morninqstara "Türkiyə-Yunanıstan-İtaliya boru xətti "Nabucco" və "Transadriatik" boru xəttləri bir-birinin tamamlayıcıdır, yoxsa bir-birinə rəqibdir" sualı ünvanlanıb. ABŞ rəsmisi bu suala diplomatcasına, amma mövzunu dərindən başa düşənlər üçün kifayət qədər açıq bir şəkildə cavab verib: "ABŞ olaraq cənub koridoruna tam dəstək veririk. "Nabucco" boru xətti strateji və siyasi baxımdan seçim edilə bilən bir layihədir. Cənub koridorundakı layihələrin bir-birinə rəqib, yoxsa bir-birinin tamamlayıcısı olduğunu zaman göstərəcək. Qaz tədarükçülərinin hansı xəttə qaz verəcəyi iqtisadi bir qərardır".

 

Bu cavabdan sonra bir başqa jurnalist "bu sözlərinizdən "Nabucco"nun prioritet olduğunumu anlamalıyıq" sual verib. Morninqstar buna da eyni şəkildə cavab verib: "Hələ ki enerji mənbələri məhduddur. Azərbaycandakı "Şahdəniz-2" layihəsindən sonra istehsal da ciddi şəkildə arta bilər. Həmçinin İraqdan da qaz gələ bilər. Amma ilk olaraq tək bir boru xəttinə diqqət yönəltməliyik. Qaz istehsalı artdıqca bu xəttlər də bir-birinin tamamlayıcısı ola bilər".

 

Qəzetin yazdığına görə, R.Morninqstarın bu sözləri enerji xəttləri döyüşündə böyük əhəmiyyət daşıyır: "Çünki gündəmdə bu qədər çox boru xətti layihəsinin olmasına baxmayaraq enerji mənbələri məhdud. Həmçinin bu xəttlərin tam olaraq doldurulması üçün Azərbaycan və İraq kimi ölkələrdə kəşfiyyat və istehsal işlərinin tamamlanması lazımdır. ABŞ-lı xüsusi nümayəndə açıq şəkildə "seçimimiz Nabucco" deməsə də, ABŞ-ın seçiminin bu layihə olduğu görünür. Türkiyədən keçərək Bolqarıstan, Rumıniya və Macarıstan üzərindən Avstriyaya qaz nəql edəcək bu boru xətti "əsrin layihəsi" olaraq göstərilir. Kəmər ilə ildə 31 milyard kubmetr qaz daşınması gözlənilir".

 

Bundan əlavə enerji ekspertləri tərəfindən reallaşdırılması çətin hesab olunan və Rusiyanın dəstəklədiyi "Cənub axını" layihəsi var. "Cənub axını"nda Türkiyə digər layihələrdən fərqli olaraq tranzit ölkə deyil. Ancaq xətt Qara dənizin altından keçəcəyi üçün Türkiyənin də quru suları istifadə ediləcək.

 

Xəritədə regionun enerji layihələrindən kənarda qalan yalnız bir ölkə görünür: Ermənistan

 

"Hürriyət" yazır ki, bölgədə həyata keçirilən enerji layihələrində bir ölkə istisna olmaqla hamısı enerji layihələrində hansısa formada iştirak edir. Bu ölkə isə Azərbaycanın 20 faiz torpağını işğal altında saxlayaraq özünü regionda həyata keçirilən bütün iqtisadi layihələrdən kənarda saxlayan Ermənistandır: "Bütün bu enerji diplomatiyası tənliyində çöldə saxlanılan tək ölkə Ermənistandır. İki qonşusu, Azərbaycan və Türkiyə ilə yaşadığı problemlərə görə, bu ölkə bu günə qədər Qafqazı əhatə edən bütün enerji layihələrindən kənarda qaldı". Morninqstar bu məsələyə də toxunub. "Türkiyə ilə münasibətlərinin yaxşılaşması və Dağlıq Qarabağ problemin həll edilməsi təqdirində Ermənistanın daxil ediləcəyi bir layihə varmı" sualına amerikalı diplomatın cavabı çox açıq olub: "Ermənistanın bu proyektlərdə iştirak etməməsi təəssüf doğurur. Problemlərin həll edilməsindən sonra Ermənistanın da bölgədəki enerji və iqtisadi proyektlərin tam bir iştirakçısı olacağını düşünürəm. Bu bütün ölkələrin maraqlarına uyğun gəlir".

 

Vaşinqtona mesaj

 

Morninqstar jurnalistlərlə söhbətində yalnız Türkiyəyə və bölgə ölkələrinə deyil, öz ölkəsinə də mesaj göndərib. Bu mesaj ABŞ-ın enerji siyasəti baxımından açar rolunu oynayan iki ölkə, Türkiyə və Azərbaycana səfir təyin edilməməsi ilə bağlı yaranan problemin Vaşinqtonun enerji siyasətinə təsir etməsi ilə bağlı ona ünvanlanan suala cavab olaraq səsləndirilib. O, gecikmələri müsbət və ya mənfi formada qiymətləndirməsə də, səfirlərin tezliklə təyin edilməsinin mühüm əhəmiyyət daşıdığını bildirib: "Hər iki namizəd də çox güclü və yaxşı siyasətçilərdir. İkisinin də ən qısa müddət içində təsdiqlənəcəyinə ümid edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə