Bu dəfə də rüsvayçılığın yeri və ünvanı dəyişməyəcək

“Yenə də, “Milli Şura” təmsilçiləri olan Cəmil Həsənli, Əli Kərimli və digərləri gülünc vəziyyətdə qalacaqlar”

“Milli Şura” deyilən qondarma qurumun planlaşdırdığı növbəti mitinq nəinki, ictimaiyyət tərəfindən, eləcə də bir zaman eyni maraqları bölüşdükləri həmfikirləri tərəfindən də əhəmiyyətsiz bir vasitə kimi tənqid edilir.

Vəhdət partiyasının sədri, millət vəkili Tahir Kərimli:

- Dağıdıcı müxalifət bu cür uğursuz aksiyalar keçirməklə Azərbaycana təzyiq etmək istəyən himayədarlarına bildirmək istəyirlər ki, sizin yolunuzda hazırıq və bizdən istifadə edə bilərsiniz. Amma nə etmələrindən asılı olmayaraq heç vaxtı onların istəkləri baş tutmayacaqdır. Hər zaman olduğu kimi bu dəfə də “Milli Şura” deyilən qondarma qurumun keçirməyi planlaşdırdığı aksiyaya dəstək verməyəcək. Çünki xalqımız pozucu, ələ baxan ünsürlərin məqsədlərinin və məkrli planlarının nədən ibarət olduğunu yaxşı bilir. Bir sözlə Azərbaycan xalqı yaxşını pisdən ayırmağı bacarır. Bir sözlə, müxalifətin planlaşdırdığı aksiya rüsvayçılıqla nəticələnəcək. Bununla da bir daha özlərini biabır edəcəklər.

BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı:

- “Milli Şura” deyilən qondarma qurumun yenidən aksiya keçirməyə cəhd etməsi boş qalan ciblərini doldurmaqla bağlıdır. Bunu QHT təmsilçiləri daha yaxşı bilir, buna pilot layihələri deyirlər. Çox güman ki, Əli Kərimli layihənin büdcəsində mitinqçilərin sayını 2-3 dəfə artıq göstərib. Yəni şişirdilmiş görüntü ilə xərclədiyi maliyyənin hesabatını verməyə çalışır. Fakt budur ki, radikal müxalifət düşərgəsini təmsil edən şəxslər aksiya keçirən zaman özlərini gülüş, məsxərə obyektinə çevirmiş olurlar. Çünki, o aksiyalara yalnız onların qohumları və öz partiyalarında olan şəxslər qatılır. Birmənalı şəkildə demək olar ki, dağıdıcı müxalifətin keçirdiyi mini aksiyalara ictimaiyyətin dəstəyi özünü göstərmir. Yəni, Azərbaycan xalqının Ə. Kərimli tipində olan siyasətçilərə ciddi dəstək vermək ehtimali sıfırdır. Bu baxımdan tam əminliklə demək olar ki, “Milli Şura” adlı qondarma qurumun növbəti aksiyası sadəcə mitinq şousu olacaq.

“Yurddaş” partiyasının sədri Mais Səfərli:

- Dağıdıcı müxalifət düşərgəsinin cəmiyyət tərəfindən heç bir dəstəyi yoxdur. Bu düşərgədə yalnız meydan təfəkkürlü, keçmişin eyforiyasından hələ də qurtula bilməyən şəxslər qalıb. Eyni zamanda, müxalifət təmsilçiləri tərəfindən də keçirilən aksiyalar hər zaman uğursuzluğa düçar olub və bundan sonrada olacaq. Ümumiyyətlə fakt budur ki, taleyüklü tədbirlər ərəfəsi fəaliyyətsiz olan müxalif dirçəlib, meydana çıxır və başlayır bu cür boş-boş aksiyalar keçirməyə. Məqsəddə xaricdə olan havadarlarına özlərini reklam etməkdir. Bu yolla xaricdən yeni vəsaitləri əldə edirlər. Xarici qüvvələr isə bunun qarşılığında müxalifətdən dünyada yeri və rolu durmadan möhkəmlənən Azərbaycanın imicinə, uğurlarına kölgə salmaqda bir vasitə kimi istifadə etməyə çalışır. Amma onların bu niyyətləri heç vaxt reallığa çevrilməyib və çevrilməyəcəkdir. Mitinq isə yenə də uğursuzluqla nəticələnəcək. Yenə də, “Milli Şura” təmsilçiləri olan Cəmil Həsənli, Əli Kərimli və digərləri gülünc vəziyyətdə qalacaqlar.

Gülyanə Ağakərimova

Bütün xəbərlər Facebook səhifəmizdə