E.Süleymanova BMT-nin Əhali Fondunun planlaşdırma görüşündə çıxış edib
BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycandakı nümayəndəliyi fondun 2011-2015-ci illər üçün Ölkə Proqramının Fəaliyyət Planının həyata keçirilməsi ilə bağlı görüş keçirib. Görüşdə dövlət orqanlarının, həmçinin QHT və KİV-in nümayəndələri iştirak ediblər.
Ombudsman Aparatından SİA-ya verilən məlumata görə, BMT-nin Əhali Fondunun ölkə direktoru Zahidul Haqq və fondun baş müşaviri Fərid Babayev tədbirin məqsəd və məramını açıqlayıblar. Adıçəkilən proqramda əhalinin ehtiyaclarının ödənilməsi məqsədilə resursların, əsas fəaliyyət istiqamətlərinin müəyyən edilməsi, informasiya mübadiləsinin gücləndirilməsi, yeniyetmə və gənclərin reproduktiv sağlamlığı ilə bağlı vəziyyətin öyrənilməsinin nəzərdə tutulduğu vurğulanıb.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova tədbirdə çıxış edib. O, çıxışında Əhali Fondunun ölkə direktoru Zahidul Haqqı yeni təyinatı münasibətilə təbrik etmiş, bu nüfuzlu beynəlxalq qurumun fəaliyyətinin əhali ilə bağlı qlobal məsələlərin həllinə yönəldiyini, Ombudsman təsisatının BMT-nin struktur bölmələri, o cümlədən UNFPA ilə sıx əməkdaşlıq əlaqələri qurduğunu qeyd edib.
Müvəkkil müddəaları ilə tanış olduğu UNFPA-nın 2011-2015-ci illər üçün Ölkə Proqramının Fəaliyyət Planında əhali problemlərinin müxtəlif aspektlərinin öz əksini tapdığını diqqətə çatdırıb.
Müvəkkil orta məktəblərdə reproduktiv sağlamlıq, ailə planlaşması və seksual tərbiyə üzrə mövzuların dərsliklərə salınmasının əhəmiyyətini qeyd etmiş, bu istiqamətdə işin davam etdirilməsini vacib sayıb. Görüşdə müzakirə edilən proqramın bütün kənd rayonlarında mümkün qədər çox əhalini, qadınları və kişiləri əhatə etməsinin vacibliyi diqqətə çatdırılıb.
Minilliyin inkişaf məqsədlərinə uyğun olaraq qadın və uşaq sağlamlığı üzrə yeni bir proqramın qəbul edildiyi vurğulanıb. Ombudsman yoxsulluğun aradan qaldırılmasını, cinsi yolla yoluxan, sağalmaz xəstəliklərə, o cümlədən QİÇS və narkomaniyaya, məişət zorakılığına, erkən nikahlara qarşı mübarizənin genişləndirilməsini, bu işin həm də icmalarda həyata keçirilməsini, gender bərabərliyi problemlərinin həllinə diqqət yetirilməsini, uşaqlara və gənclərə ünvanlanmış proqramların gerçəkləşdirilməsini təklif edib.
E.Süleymanova BMT-nin Əhali Fondu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ailə Planlaşması Mərkəzi və digər müvafiq qurumların adı çəkilən proqramın həyata keçirilməsində səylərinin birləşdirilməsini tövsiyə etmiş, iştirakçıları fikir mübadiləsinə dəvət edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB