Dövlət Dəmir Yolu idarəsinin Qazax rayon stansiyasında özbaşınalıq - ARAŞDIRMA

Ölkəmizin sosial-iqtisadi həyatında xüsusi əhəmiyyətə malik olan dəmir yolu nəqliyyat sisteminin inkişaf etdirilməsi, əhalinin dəmir yolu nəqliyyatı xidmətlərinə olan tələbatının ödənilməsi mühüm dövlət siyasəti ilə tənzimlənir. "Azərbaycan Respublikası Dəmir Yolu Nəqliyyat sisteminin 2010-2014-cu illərdə inkişafına dair Dövlət Proqramı"na əsasən əhalinin dəmir yolu nəqliyyat xidmətlərinə olan tələbatlarının ödənilməsi sahəsində həyata keçirilən siyasət Dövlət Dəmir Yolu idarəsinin Qazax rayon stansiyasında özünməxsus şəkildə icra olunur. Sözügedən stansiyada dəmir yolu nəqliyyatının tənzimləmə mexanizminin təşkilinə məsul olan bəzi şəxslərin özbaşınalığı bir sıra narazılıqların ortaya çıxmasına zəmin yaradır. Bunun nəticəsidir ki, Qazax rayon Dəmir Yolu stansiyasında baş verən özbaşınalıqlar, süni qiymət artımları, vətəndaşların əsassız vaxt və maddi itkisinə səbəb olub. Bununla bağlı SİA-nın redaksiyasına daxil olan müraciətlərdə məhz bu stansiyada kassada bilet olmasına baxmayaraq vətəndaşlara biletin olmaması barədə məlumatların verilməsi, süni şəkildə qiymətlərin şişirdilməsi faktlarının və digər amillərin olduğu göstərilir.
Daxil olan şikayət məktubları əsasında aparılan araşdırmalar zamanı məlum olub ki, Dövlət Dəmir Yolu idarəsinin Qazax rayon Dəmir Yolu stansiyasındakı baş verən özbaşınalıqlar burada üzərinə vəzifə düşən şəxslərin bu və ya digər şəkildə qeyri-qanuni əməllərindən qaynaqlanır. Qazax rayon Dəmir Yolu Stansiyasının rəisi Rəşid Rəhimov burada dövlət tərəfindən müəyyənləşdirilmiş tarif qiymətlərindən başqa özünün əlavə xərclərini də vətəndaşların cibindən çıxarır. Misal olaraq, Qazaxdan Bakıya qatarın "plaskart" bölümündə gəlmək istəyən bir vətəndaş üçün qanunla nəzərdə tutulmuş 3 manat 30 qəpik əvəzinə stansiya rəisi tərəfindən 6 manat, digər halda isə 7-8 manat müəyyənləşdirilib. Vaqonun "küpe" bölümündə rayondan Bakıya gəlmək istəyən bir nəfər üçün isə qiymətlər qanuni halda ödəməli olduğu 4 manat 30 qəpik əvəzinə 9-10 manat ödəmək məcburiyyətində qalır. Eyni zamanda rayondan Bakıya gəlmək üçün qatarın iki nəfərlik yəni, "SV" bölümündə gəlmək istəyən şəxs üçün isə R.Rəhimov qiymətləri daha da sərtləşdirib. Qatarın bu bölümündən istifadə etmək vətəndaşdan bir yer üçün tələb olunan 6 manat 70 qəpik əvəzinə 12 manatdan başlayaraq, 25 manata qədər artırılıb. Qazaxdan qatarla Bakıya gəlmək istəyən hər bir vətəndaşın əlavə maddi vəsait itkisinə yol açan bu hal, stansiya rəisi R.Rəhimov və eyni zamanda ona bu "iş"də yaxından köməklik edən baş kassir Amin Səmədov tərəfindən icra olunur. R.Rəhimov və A.Səmədovla yanaşı, həmin stansiyada kassir vəzifəsində çalışan Nazim Zeynalov və Afət adlı xanım bu prosesdə işbazlıq edirlər. Şikayətlərdə həmçinin Afət xanımla A. Səmədovun yaxın münasibətləri də göstərilir. Afət xanıma biletlərin dövlət tərəfindən müəyyənləşdirilən tarif qiymətlərindən artıq satıldığı barədə verilən suala cavabında bildirib ki, "Mənim arxamda Amin Səmədov dayanıb və bu onun tapşırığıdır. Mən tapşırığı yerinə yetirirəm" deməklə məsuliyyəti üzərindən atmağa çalışır.
Qazax rayon Dəmir Yolu Stansiyasında baş verən özbaşınalıqlar və süni qiymət artımına qarşı vətəndaşlar tərəfindən dəfələrlə etirazlara baxmayaraq R.Rəhimov və A.Səmədov özlərinin qeyri-qanuni əməllərini hələ də davam etdirirlər.

Araşdırmalarımız davam edir

Bütün xəbərlər Facebook səhifəmizdə