Daşkənddə Heydər Əliyev adına mədəniyyət mərkəzinin açılışı olub

Sentyabrın 27-də Daşkənddə Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına mədəniyyət mərkəzinin binasının əsaslı təmir və bərpadan sonra açılışı olub.

SİA-nın məlumatına görə, açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistanın Baş naziri Şavkat Mirziyayev iştirak ediblər.

Prezident İlham Əliyev mərkəzin qarşısında ulu öndər Heydər Əliyevin abidəsi önünə əklil qoyub.

Bina ilə tanışlıq zamanı məlumat verilib ki, mərkəzdə Heydər Əliyev, Azərbaycanın dövlətçilik tarixi, Azərbaycan və Özbəkistanın müştərək tarixi muzeyləri fəaliyyət göstərir. Bundan başqa, mərkəzdə Azərbaycanın musiqi, rəqs və folklor ansamblları da fəaliyyət göstərəcəkdir. Burada Azərbaycan məktəbi və kitabxana da yaradılıb.

Mərkəzlə tanışlıqdan sonra Prezident İlham Əliyev Azərbaycan diasporunun üzvləri ilə görüşüb.

Prezident İlham Əliyev diasporun üzvləri ilə xatirə şəkli çəkdirib.

Prezident İlham Əliyev mədəniyyət mərkəzinin sərgi salonunda Səmərqənddə yaşamış mərhum azərbaycanlı heykəltəraş Eynulla Əliyevin əsərlərindən ibarət sərgiyə baxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...