Prezident İlham Əliyev Barak Obama ilə görüşüb

Sentyabrın 24-də Nyu-Yorkda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obamanın görüşü olub.

SİA-nın məlumatına görə, görüşdə Azərbaycan ilə ABŞ arasında strateji əməkdaşlıq prinsiplərinə əsaslanan ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etməsindən məmnunluq ifadə olunub.

ABŞ Prezidenti Barak Obama Prezident İlham Əliyevin liderlik rolunu qeyd edərək, Azərbaycanın regionda ən çox uğurlar qazanan və ən nüfuzlu ölkələrdən biri olduğunu vurğulayıb.

Ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğu bildirilərək, iqtisadi, enerji, təhlükəsizlik sahələrində əlaqələrimizin regional əməkdaşlığın möhkəmlənməsi baxımından əhəmiyyəti qeyd edilib.

Azərbaycan ilə ABŞ-ın beynəlxalq antiterror əməliyyatlarında birgə fəaliyyətinə toxunulan görüşdə Azərbaycanın bu əməliyyatlarda iştirakı yüksək qiymətləndirilib.

Energetika sahəsində ölkələrimiz arasında uzun illər səmərəli əməkdaşlığın həyata keçirildiyi bildirilərək, Azərbaycanın beynəlxalq enerji əməkdaşlığının genişləndirilməsinə töhfəsi xüsusi qeyd olunub.

Dövlət başçıları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışaraq, problemin tezliklə nizama salınmasının regionda sülhün və sabitliyin təmin edilməsi baxımından zəruri olduğunu bildiriblər.

Prezident İlham Əliyev münaqişənin həlli ilə əlaqədar danışıqlar prosesinə toxunaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü prinsipi əsasında həll olunmasının vacibliyi ilə bağlı mövqeyini bir daha diqqətə çatdırıb.

Dövlət başçılarının görüşündə Azərbaycanda demokratik inkişaf prosesləri ilə bağlı fikir mübadiləsi aparılıb. Görüşdə, həmçinin regional və beynəlxalq məsələlər də müzakirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə