Mərakeş Krallığı Parlamenti Nümayəndələr Palatasının sədri Təzəpir məscidi ilə tanış olub

Azərbaycanda səfərdə olan Mərakeş Krallığı Parlamenti Nümayəndələr Palatasının sədri Abdelvahed Radi sentyabrın 24-də Təzəpir məscid kompleksində olub.

SİA-nın məlumatına görə, Mərakeşli qonaq Təzəpir məscidi ilə tanış olub. Qafqaz Müsəlmanları İdarəsi xarici əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov məlumat verib ki, Prezident İlham Əliyevin göstərişi əsasında 2005-ci ildə məscidin bərpası və ətraf ərazilərin yenidən qurulması layihəsi hazırlanıb. Layihədə Təzəpir məscidinin ilkin görkəminə qaytarılması məqsədi ilə yenidən bərpası və əzəli memarlığına xələl gətirməyən elementlərin əlavə edilməsi öz əksini tapıb. Məscidin bərpasında Azərbaycan nəqqaşlıq məktəbinin və Şərq oriyentalistikasının nadir nümunələrindən istifadə olunub.

Təzəpir məscidinin tamamlayıcı dekorativ elementlərinin üstü, minarələrin başı və kəmərbənd yazıları ən yüksək əyarlı qızıl lövhələrdəndir. Yuxarı hissədə "La İlahə-İlləllah" kəlməsi 6 dəfə təkrar olunmuş günbəzin tən ortasında Qurani-Kərimdən "Nas", dairələrdə "Ayətül-kürsü", kiçik günbəzlərdə isə "Həmd" surələri həkk edilib.

Bildirilib ki, kompleksdə Bakı İslam Universitetinin tədris korpusu yerləşir.

Təzəpir məscid kompleksi ilə tanışlıqdan sonra Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin və Mərakeş Krallığı Parlamenti Nümayəndələr Palatasının sədri Abdelvahed Radinin görüşü olub.

Görüşdə ikitərəfli münasibətlər, dini məsələlər barədə fikir mübadiləsi aparılıb. Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən A.Paşazadə, ölkəmizin ədalətli mövqeyini dəstəklədiyinə görə Mərakeş Krallığına təşəkkürünü bildirib.

Mərakeş Krallığı Parlamenti Nümayəndələr Palatasının sədri Abdelvahed Radi tarix boyu İslam mədəniyyətinə, sivilizasiyasına verdiyi töhfələrə görə Azərbaycan xalqına öz təşəkkürünü bildirib. O deyib ki, ölkəniz dinə yüksək qiymət verir. Təzəpir məscid kompleksi bunun bariz nümunəsidir. Azərbaycanın keçdiyi məşəqqətli tarixi yolu da gözəl bilirik. Ölkəniz tarix boyu öz dinini, adət-ənənələrini qorumaq üçün çox böyük məhrumiyyətlərə düçar olmuşdur. Azərbaycan tolerant ölkədir.

Abdelvahed Radi diqqətə çatdırıb ki, Mərakeşdə Azərbaycanın Dağlıq Qarabağ problemini yaxşı başa düşürlər. Çünki bizim də ərazi bütövlüyümüz pozulmuşdur. Mərakeş Krallığı bu problemlə bağlı rəsmi Bakının nümayiş etdirdiyi mövqeyi yüksək qiymətləndirir. Qonaq Mərakeş Krallığının Azərbaycan ilə siyasət, iqtisadiyyat, din və digər sahələrdə əməkdaşlıqda maraqlı olduğunu da qeyd edib.

Sonda qonağa xatirə hədiyyələri təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə