Mətbuat Şurası Ağsaqqal Jurnalistlər Məclisi yaradır

Bu gün Mətbuat Şurasında (MŞ) keçirilən toplantıda qurumun nəzdində Ağsaqqal Jurnalistlər Məclisinin yaradılması barədə razılığa gəlinib. MŞ-dən SİA-ya verilən məlumata görə, Şura sədri Əflatun Amaşov tədbiri açaraq bildirib ki, fəaliyyətini milli jurnalistikaya, onun mütərəqqi ənənələrinin davam və inkişafına sərf edən bu insanların potensialından istifadə çağdaş medianı aktual vəzifələrindəndir: "Mətbuat Şurası yarandığı gündən onların yanında olub. Zəngin təcrübələrinin öyrənilib tətbiqinə, qayğı və problemlərinin həllinə köməyini əsirgəməyib. Bu məqsədlə anım və yubiley tədbirləri keçirib. Bu ənənənin daha da sistemli olmasına çalışırıq. Buna görə də belə bir məclisin yaranmasını zəruri saydıq. Hesab edirik ki, ağsaqqal jurnalistlərin təşkilatlanması mövcud istiqamətdə önəmli həlqələrdən biri olacaq".

 

MŞ İdarə Heyətinin üzvü, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov 135 illik tarixə malik Azərbaycan mətbuatının layiqli ənənələrinin məhz veteran jurnalistlərin simasında yaşandığını deyib. O bildirib ki, ahıl qələm sahibləri mediamızdakı hazırkı problemlərin həllinə öz yaradıcılıq nümunələri ilə töhfələrini verə bilərlər.

 

MŞ İdarə Heyətinin üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli Şuranın ağsaqqal jurnalistlərin təşkilatlanmasına göstərdiyi köməyi iki istiqamətdən zəruri sayıb.

 

Azərbaycanın əməkdar jurnalisti Əli İldırımoğlu KİV-də yaşlı nəslə məxsus jurnalistlərlə görüşlərin təşkilinin əhəmiyyətindən danışıb.

 

MŞ İdarə Heyətinin üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, müasir medianın probemlərinin həllində də ağsaqqal jurnalistlərin təcrübəsindən faydalanmağa ehtiyac var.

 

Azərbaycanın əməkdar jurnalistləri Yusif Kərimov, Tahir Aydınoğlu və başqaları çıxışlarında ölkədə yaşlı nəslə mənsub media təmsilçilərinin qayğı ilə əhatə olunmalarından söhbət açıblar.

 

Toplantıda Mətbuat Şurası nəzdində Ağsaqqal Jurnalistlər Məclisinin işlərinin əlaqələndirilməsi və sənədlərin hazırlanması üçün əməkdar jurnalist Yusif Kərimovun başçılığı ilə 7 nəfərdən ibarət qrup yaradılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə