Ombudsman Avropa İttifaqının monitorinq qrupunun nümayəndəsini qəbul edib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Avropa İttifaqının monitorinq qrupunun nümayəndəsi, Cənubi Qafqaz ölkələri, Ukrayna və Moldova respublikalarında kobud rəftar və cəzasızlığa qarşı mübarizə proqramının təmsilçisi Aleksandra Xudokormoffu onun xahişi ilə qəbul edib.
SİA-nın məlumatına görə, Ombudsman qeyd edib ki, 2 dekabr 2008-ci il tarixdə BMT-nin "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"sının Fakültativ Protokolunun təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul olunmuş, 13 yanvar 2009-cu il tarixdə ölkə Prezidentinin Sərəncamı ilə adı çəkilən Konvensiyanın Fakültativ Protokolunda nəzərdə tutulmuş MPM funksiyalarını yerinə yetirən təsisat qismində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili müəyyən edilib. Bu, Müvəkkilin işgəncələrlə mübarizə sahəsində apardığı fəaliyyətin növbəti mərhələyə qədəm qoymasına və təkmilləşdirilməsinə zəmin yaradıb.
E.Süleymanova qeyd edib ki, müvafiq sahədə beynəlxalq əməkdaşlığın qurulmasına da xüsusi əhəmiyyət verilmiş, Aparatın əməkdaşları işgəncələrlə mübarizə məsələlərinə həsr olunmuş bir neçə beynəlxalq tədbirdə iştirak ediblər.
Müvəkkilin işgəncələr üzrə ixtisaslaşmış müşavirinin fəaliyyət göstərdiyi bildirilib.
Hüququ pozulmuş uşaqların problemləri ilə bağlı Müvəkkilə dərhal müraciət etmək məqsədilə Ombudsman təsisatında "916" nömrəli qaynar xəttin yaradıldığı qeyd olunub.
Qonaq Müvəkkilin çoxşaxəli fəaliyyətinin, həmçinin MPM qismində gördüyü işlərin səmərəli olduğunu söyləmiş, Fakültativ protokolun respublikamız tərəfindən imzalanmasını və Ombudsmanın MPM qismində məsul şəxs təyin olunmasını təqdir edib. O, Cənubi Qafqaz ölkələri, Ukrayna və Moldova respublikalarında kobud rəftar və cəzasızlığa qarşı mübarizə proqramının mahiyyəti və məqsədləri, ötən ilin yanvarından həyata keçirilən bu proqramın cari ilin dekabrın 31-dək davam edəcəyini və müvafiq yekun hesabatının hazırlanacağını söyləyib.
E.Süleymanova bu proqramda öz əksini tapmış texniki dəstək göstərilməsi, habelə işgəncələrə qarşı mübarizə istiqamətində treninqlərin, təlim və seminarların keçirilməsi, bu işə insan hüquqları sahəsində tanınmış ekspertlərin cəlb olunmasını dəyərləndirmiş, bu istiqamətdə birgə əməkdaşlığın zəruriliyini vurğulayıb.
A.Xudokormoff səmimi qəbul və ətraflı məlumat üçün Müvəkkilə təşəkkürünü bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB