Mauerbaxda Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın rusiyalı həmkarı ilə keçirdiyi görüşünün ardınca Ermənistan mətbuatı yenidən ölkə hakimiyyətini qorxaqlıqda ittiham edib. Belə ki, buna səbəb, Rusiyanın Azərbaycana silah satması faktının ardınca, Sarkisyan hakimiyyətinin keçirilən bənzər görüşlər əsnasında öz etirazlarını bildirə bilməməsi, yəni cəsarətsiz davranmaları olub. Bununla bağlı ermənilərin 1in.am saytının analitik bölməsində qeyd olunur (http://ru.1in.am/1194885.html). “Rəsmi məlumatlara görə, görüşün gündəliyində dayanan məsələ Vena və Sankt-Peterburq görüşlərində əldə edilmiş razılaşmaların həyata keçirilməsi ətrafında müzakirələrin aparılması idi”-deyə qeyd edilən yazıda nəyə görə Nalbandyanın Lavrovla görüşdə Rusiyanın Azərbaycanı silahlarla təchiz etməsi məsələsini qaldırmaması sualı üzərində dayanıb. “Halbuki bugünkü vəziyyətdə həmin məsələ nəinki Ermənistan-Rusiya, eləcə də Qarabağ münaqişəsinin həllində açar rolunu oynayır”-erməni saytında qeyd olunub. O cümlədən, vurğulanıb ki, artıq yeni müharibənin başlaması təhlükəsi ehtimaldan reallığa çevrilib.
Erməni saytının analitik yazısından: “Lavrov Məmmədyarovla danışıqlar aparmağı üstün tutur, Nalbandyana isə diktə edəcək”
Analitik yazıda iddia olunur ki, məhz Rusiyanın həmin addımına görə, bu ölkə Azərbaycana yeni müharibənin başlamasına kart-blanş verir. Daha dəqiq desək, hazırkı məqamda ermənilər əsas ittihamlarını məhz uzun illərdir ki, vassallıq etdikləri Rusiyanın üzərinə yıxmağa çalışırlar. Məsələn, sözügedən məqalədə erməni müəllif Rusiya XİN rəhbəri ilə Vena və Sankt-Peterburq razılaşmaları ətrafında müzakirələr aparmağın yerinin olmadığını iddia edərək iddia irəli sürüb ki, 2016-cı ilin aprelində müharibəni məhz Azərbaycan tərəfi başlayıb (?-R.N.) Yəni ermənilərə görə, əgər Rusiya ötən illər ərzində intensiv qaydada Azərbaycanı silahlandırmasaydı və keçən ilin aprelində Azərbaycanı müharibəyə başlamağa təhrik etməsəydi guya qarşı tərəf olaraq, Azərbaycan sözügedən razılaşmaları çoxdan icra edəcəkdi. Beləliklə, erməni tərəfi aşkar şəkildə Rusiyanın Azərbaycana hərbi və siyasi dəstək göstərməkdə suçlamaqda davam edir. Bu baxımdan, xarici işlər naziri Edvard Nalbandyan hədəfə alınır və onun timsalında bütün hakimiyyət qorxaq və cəsarətsiz adlandırılır. SİTAT: “Bu sadə həqiqətləri Edvard Nalbandyan da yaxşı bilir, lakin həmin sualları rusiyalı həmkarı qarşısında qaldırmağa cürət etmir. Nə Serj Sarkisyan nə Edvard Nalbandyan rusiyalı həmkarları ilə görüşlərdə prinsipial məsələlər kontekstindən çıxış etməməklə yanaşı, tərəf müqabilləri ilə danışıqlar apardıqları vaxt konkret tələblər qoymayıblar. Ona görə də Lavrov Məmmədyarovla (Azərbaycan XİN rəhbəri) danışıqlar aparmağı üstün tutur, Nalbandyana isə diktə etmək qalır”.
Daha bir maraqlı məqam isə Ermənistan tərəfinin aşkar şəkildə müharibənin başlaması vahiməsi yaşamalarını nümayişkəranə olaraq etiraf etmələridir. Misal üçün, Edvard Nalbandyanın mətbuat katibi Tiqran Balayan tvitter hesabında yazıb ki, Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız danışıqlardan keçir. O, Ermənistan və Azərbaycan XİN rəhbəri ilə Brüsseldə keçirilmiş görüşə səfər edərkən belə yazıb: “Ermənistan və Azərbaycan XİN rəhbərinin görüşü üçün Brüsselə uçuruq. Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız danışıqlardan keçir”.
Rusiyalı politoloq Sergey Markedonov dolayı yolla işarə edir ki, Ermənistan istər hərbi, istərsə də diplomatiya cəhətindən Azərbaycana uduzur
Ümumiyyətlə, bu məsələnin Rusiya politoloqlarının baxışları istiqamətindən də necə inkişaf etməsi maraqlı görünür. Məsələn, politcom.ru saytında rusiyalı politoloq Sergey Markedonov ilginc nüanslara toxunub və “Dağlıq Qarabağda qaynar iyul” başlıqlı məqalə ilə çıxış edib. (http://politcom.ru/22588.html)
“Bakı, Minsk qrupu ölkələri həmsədrlərinin mövqelərini təzyiq yolu ilə dəyişdirməyə çalışır”- deyə vurğulanan məqalədə daha sonra bildirilir ki, böyük müharibənin başlaması və permanent hərbi həyəcan əsnasında balanslaşdırma siyasəti Rusiyanı, ABŞ-ı və Fransanı, eləcə də Minsk qrupu çərçivəsindən kənarda olan İranı regional qeyri-stabilliyin, növbəti dəfə töküləcək qanların qarşısının alınması üçün Ermənistanı güzəştə getməsi üçün ona hərtərəfli təzyiq etməyi məcbur edir.
Müəllif digər tərəfdən qeyd edir ki, bu məsələ həqiqətə o qədər yaxın olmasa da, bütövlükdə Azərbaycanın xeyrinədir. “Hazırda Azərbaycan versiyasının xeyrinə ola biləcək sübutları təsəvvürümə gətirə bilməsəm də, bu amil nəinki Xəzər dənizi sahilindəki respublikanın, eyni zamanda Rusiyanın, Avropa İttifaqı ölkələrinin və ABŞ-ın daxilində fəal siyasi-diplomatik alət kimi irəliləməkdədir”.
Sergey Markedonov rəsmi İrəvanın Azərbaycan tərəfinin danışıqların nəticələrinə əməlsizlik nümayiş etdirdiyini və ölkəmizin dialoq yerinə gücə üstünlük verdiyini yazır. Politoloq bununla dolayı yolla işarə edir ki, Ermənistan istər hərbi, istərsə də diplomatiya cəhətindən Azərbaycana uduzur. Lakin buna baxmayaraq danışıqlar prosesi üzərindən birdəfəlik çarpaz xətlərin qoyulmadığını da bildirir.
Rusiyalı hərbi ekspert Pavel Felqenqauer: “Ermənistanın imkanları Azərbaycanla müqayisədə kifayət qədər məhduddur”
Başqa rusiyalı politoloq, eyni zamanda hərbi ekspert Pavel Felqenqauer erməni jurnalistinin suallarını cavablandırarkən 4 iyul hadisəsindən üzü bu tərəfə qədər inkişaf edən prosesləri incələyərkən deyib ki, hələlik müharibə yoxdur, ancaq zaman keçdikcə müharibə və silahlı toqquşmalar ehtimalı artmaqdadır. SİTAT: “Ümumilikdə işin məğzinə nəzər yetirərkən, hər iki tərəf hazırlaşır, əgər iki tərəf hazırlaşırsa, bu son məqamda toqquşmalara gətirib çıxaracaq. Ancaq məndə nə erməni nə də Azərbaycan tərəfi barədə operativ informasiyalar yoxdur. Bu baxımdan, dəqiq proqnoz verə bilmərəm. Bütövlükdə münaqişənin sülh yolu ilə həlli perspektivləri elə də gerçək görünmür”.
“Burada həm daxili, həm də xarici faktorlar var, ancaq hələlik hərbi faktor fəaliyyət göstərir”-deyə qeyd edən Pavel Felqenqauerə görə, müharibəyə hazılıq prosesi intensivləşib. (http://ru.1in.am/1194873.html)
SİTAT: “Belə bir situasiyada hərbi toqquşmalar əvvəl-axır qaçılmazlığa çevrilir. Böyük masştablı hərbi əməliyyatların qarşısının alınması üçün nə isə etmək vacibdir. Ancaq heç nə edilmir, hətta belə görünür ki, bu problem dünyanı maraqlandırmır, heç kəsin vecinə belə deyil. Hər kəs Ukrayna, Donbas, Suriya və əlbəttə ki, Koreya ilə bağlı məşğuldur. Sanki hər kəs Qarabağ münaqişəsi barədə unudub. Münaqişə zonasında deskalasiya üçün heç bir cəhdlər göstərilmir. Əgər bu yoxdursa, demək ki, eskalasiya qaçılmazdır”.
Hərbi ekspert əlavə edib ki, böyük masştablı müharbənin başlanması üçün təsadüfi deyil, istiqamətləndirilmiş fəaliyyət göstərmək lazımdır. “Ən azından tərəflərdən biri başqa variantın olmadığını dəqiqləşdirdikdən sonra lokal zərbə vurmalıdır ki, bundan sonra hər hansı uğur qazana bilsin”-deyə sualları cavablandıran Felqenqauerə görə, mümkündür ki, ya tərəflərdən biri, ya da hər ikisi kiminsə gəlib onları ayırmasını istəyir: “Ancaq heç kimin bunu etməyə hazırlaşdığını deyə bilmərik...Tərəflər o qədər silah yığıblar ki, necə deyərlər hər kəsə yetər. Ancaq imkanlar müxtəlifdir. Ermənistanın imkanları Azərbaycanla müqayisədə kifayət qədər məhduddur”.
Erməni jurnalistinin tərəflərin istər hərbi, istərsə də diplomatik baxımından müxtəlif hədəflərinin olması planı ətrafındakı sualını da cavablandıran rusiyalı hərbi ekspert də bunu etriaf edib və hədəflərin müxtəlif olduğunu deyib: “Əlbəttə, hədəflər müxtəlifdir. Buna heç şübhə də yoxdur. Ancaq hazırkı məqamda mən daha çox siyasi mümkünlükdən danışmıram. Problem ondadır ki, siyasi-diplomatik məcrada heç nə baş vermir və belə bir vəziyyətdə real cəbhə hərbi cəbhə olur. Yəni, hərbi faktor həllediciyə çevrilir. Jurnslistin müharibənin baş verəcəyi halda hansı problemlərin həll olunacağı barədə sualını konkret cavablandıran hərbi ekspert bu suala dəqiq cavab verə bilməyəcəyini deyib və vurğulayıb ki, Azərbaycan tərəfinin hədəfləri ola bilər, necə ki, dördgünlük aprel müharibəsində də belə olmuşdu. “Hətta daha ambisiyalı hədəflər də ola bilər”-deyə Pavel Felqenqauer vurğulayıb.
Beləliklə, görünən budur ki, Ermənistan bir tərəfdən Rusiya faktoru qarşısında aciz qalıb və bu ölkənin Azərbaycana silah satmasına mane olmağa, hətta etiraz səsini ucaltmağa cəsarət etmir, başqa tərəfdən Azərbaycanın hərbi-siyasi gücünü etiraf etməyə məcbur olur. Hətta ümid etdikləri xarici politoloqlar belə, onların istədikləri proqnozları vermirlər. Necə deyərlər, top Azərbaycandadır!
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB