AMİP-in namizədlər siyahısına yeni adlar əlavə oluna bilər

AMİP-in namizədlər siyahısına yeni adlar əlavə oluna bilər

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) 7 noyabr 2010-cu il tarixində keçiriləcək parlament seçkilərində irəli sürdüyü namizədlər sənədlərini dairə seçki komissiyalarına təqdim etməyə başlayıblar. SİA-ya bu haqda məlumat verən AMİP-in mətbuat və təbliğat katibi Əli Orucov namizədlərdən birinin imza vərəqəsini də götürdüyünü bildirib. Prosesin həyata keçirilməsi üçün oktyabrın 6-na kimi vaxtın olduğunu deyən mətbuat katibi qısa zaman kəsiyində bütün namizədlərin sənədlərini dairə seçki komissiyalarına təqdim edəcəyini və imza vərəqələrini götürəcəyini qeyd edib.

 

AMİP-in mətbuat və təbliğat katibi partiyanın açıqladığı 70 nəfərlik namizəd siyahısının da hələ yekun siyahı olmadığı diqqətə çatdırıb. Bu siyahıda yer almaq üçün müraciətlərin olduğunu deyən Ə.Orucov partiyanın Siyasi Şurasının növbəti iclaslarından birində onların namizədlik məsələsinin həll olunacağını vurğulayıb. Ə.Orucov həmçinin qeyd edib ki, müraciət edənlərin arasında partiya üzvləri ilə yanaşı bitərəflər də var.

 

Mərkəzi Şuranın qərarından əvvəl AMİP-in bir sıra müxalifət partiyaları ilə bloklarda iştirakla bağlı danışıqlar apardığını söyləyən mətbuat və təbliğat katibi ümumi müzakirələrdən sonra seçkilərə tək getmək haqqında qərar verildiyini bildirib. Bloklarda iştirak etməməsinə baxmayaraq, Ə.Orucov əməkdaşlığın hər zaman vacib olduğu qənaətindədir: "Əməkdaşlıq hər zaman labüddür. Seçki elə bir prosesdir ki, böyük enerji tələb edir və qüvvələrin səfərbər edilməsi lazımdır".

Bütün xəbərlər Facebook səhifəmizdə