Abel Məhərrəmov: “Özünü doğrultmayan ali məktəblər seçim nəticəsində ağır aqibətlə üzləşəcəklər”-MÖVQE

Azərbaycan ali təhsilinin Avropa standartlarına uyğunlaşdırılması istiqamətində maliyyələşmə mexanizmini uğurlu addım hesab edirəm. SİA-nın xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov deyib. Onun sözlərinə görə, ola bilər ki, bu gün həmin üstünlüklərin əhəmiyyətini o qədər də hiss etməyək: "Lakin maliyyələşmə mexanizmi bu sistem üzrə formalaşdıqdan sonra dövlət təhsil müəssisələri, xüsusən də tədrisin düzgün təşkil olunduğu təhsil müəssisələri öz nüfuzuna görə üstün reytinq şkalası əldə edə biləcəklər. Bunun nəticəsində indiyə qədər heç də həmişə uğurlu olmayan formada aparılan seçim həm abituriyentlər üçün, həm də valideynlər üçün aydınlaşacaq. Valideynlər övladının ən yaxşı ali məktəbdə, ən nüfuzlu və perspektivli ixtisasda təhsil almasına pul xərcləyəcək. Özünü doğrultmayan ali məktəblər isə bu seçim nəticəsində ağır aqibətlə üzləşəcəklər".

Milli Məclisin payız sessiyasında müzakirə olunacaq qanun layihələri barədə danışan A.Məhərrəmov bildirib ki, "Təhsil haqqında" qanun layihəsinin qəbulundan sonra komitə tərəfindən "Elm haqqında" qanun layihəsi hazırlanır. O bildirib ki, layihənin parlamentin payız sessiyasında müzakirəyə çıxarılacağı gözlənilir.

"Hazırda ölkədə 1900-ə yaxın elmlər doktoru var və bunların 600-ü AMEA-da, 1200-ə yaxını müxtəlif ali təhsil ocaqlarında, 100 nəfəri isə digər sahələrdə çalışır. Bu insanları stimullaşdırmaq lazımdır. Əgər alimlər yaxşı çalışırlarsa, dövlət onlara proqram verir və həmin alimlər proqrama görə ikiqat maaş alırlar, eyni zamanda, beynəlxalq aləmə çıxırlar. Qrant, proqram elmin inkişafına çox böyük stimuldur, həmçinin alimin dünya miqyasına çıxması üçün güclü təkandır. Bütün dövlətlərdə proqram iki istiqamətdə nəzərdə tutulur. Ölkədaxili proqramları stimullaşdırmaq üçün imkan yoxdursa, xaricdən alimə müəyyən vəsait ayrılır və o, tədqiqat işinə cəlb edilir. Yaxud da həmin ölkənin cihaz, avadanlıq təminatı güclüdürsə, sifariş qəbul edir. Bizdə hələ ki, bunların heç biri yoxdur. Biz də çalışırq ki, qanun layihələrində bütün bu məqamlar öz əksini tapsın", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə