MDB iştirakçı dövlətlərin Təhlükəsizlik Orqanları və Kəşfiyyat Xidmətləri Rəhbərləri Müşavirəsinin iclası keçirilib

MDB iştirakçı dövlətlərin Təhlükəsizlik Orqanları və Kəşfiyyat Xidmətləri Rəhbərləri Müşavirəsinin iclası keçirilib
Bakıda beynəlxalq təhlükəsizliyə təhdidlərin qarşısının alınması sahəsində xüsusi xidmət orqanları arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi və genişləndirilməsi perspektivlərinin müzakirəsinə həsr olunmuş MDB iştirakçı dövlətlərin Təhlükəsizlik Orqanları və Kəşfiyyat Xidmətləri Rəhbərləri Müşavirəsinin XI iclası keçirilib. Bu barədə SİA-ya Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İctimai əlaqələr mərkəzindən məlumat verilib. Tədbir iştirakçıları, milli təhlükəsizlik naziri, general-leytenant Eldar Mahmudov və nazirliyin bir qrup əməkdaşı ilknövbədə Fəxri Xiyabanda Heydər Əliyevin, akademik Zərifə Əliyevanın məzarlarını daha sonra isə Şəhidlər Xiyabanını ziyarət ediblər.

Tədbir MTN-in Mədəniyyət Mərkəzində öz işinə başlayıb. İclasın açılışında iştirak edən baş nazir Artur Rəsizadə çıxışında Azərbaycan prezidenti İlham Əliyevin beynəlxalq münasibətlərə, dövlətlərarası dostluq və əməkdaşlıq əlaqələrinə xüsusi önəm verdiyini və bu istiqamətdə bütün səyləri dəstəklədiyini qeyd edib.

MDB iştirakçı dövlətlərin Təhlükəsizlik Orqanları və Kəşfiyyat Xidmətləri Rəhbərləri Müşavirəsinin sədri, Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Mixail Fradkov X iclasdan sonrakı müddət ərzində görülən işlər barədə geniş məlumat verib. O beynəlxalq terrorçuluğun, dini və siyasi ekstremizmin, habelə bu cür hüquqazidd təzahürlərin, ümumən birlik ölkələrinin təhlükəsizliyinə mümkün təhdidlərin qarşısının alınması sahəsində təhlükəsizlik orqanlarının və kəşfiyyat xidmətlərinin əməkdaşlıq münasibətlərinin mühüm faktor olduğunu diqqətə çatdırıb. Mixail Fradkovun növbəti il üçün Eldar Mahmudovun MDB iştirakçı dövlətlərin Təhlükəsizlik Orqanları və Kəşfiyyat Xidmətləri Rəhbərləri Müşavirəsinin sədri seçilməsi barədə təklifi yekdilliklə qəbul olunub.

Müşavirənin yeni sədri Eldar Mahmudov çıxışında Prezident İlham Əliyevin nümayəndə heyətlərinin rəhbərlərini qəbul etdiyini və dövlət başçısının bütün tədbir iştirakçılarına salamlarını, iclasın işinə uğurlar arzuladığını diqqətə çatdırıb. Nazir terrorçuluğun, eləcə də onu doğuran təzahürlərin, o cümlədən ekstremist və kriminal strukturların dövlətlərin sabitliyinə və milli mənafelərinə başlıca təhdidlər olduğunu bildirib. Regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasında təhlükəsizlik orqanları və kəşfiyyat xidmətləri tərəfindən təhlükə barədə əldə edilən qabaqlayıcı məlumatların vaxtında tərəfdaşlara ötürülməsinin mühüm əhəmiyyət kəsb etdiyi qeyd olunub. Eldar Mahmudov MDB iştirakçı dövlətlərin xüsusi xidmət orqanları arasında son dövrlər dinamik surətdə inkişaf edən əməkdaşlığı yüksək qiymətləndirib. O, həmçinin Müşavirənin XI iclası çərçivəsində aparılan müzakirələrin əməkdaşlıq sahələrində birgə fəaliyyətə öz müsbət təsirini göstərəcəyini, yeni reallıqlar nəzərə alınmaqla işgüzar münasibətlərin effektliyinin yüksəlməsinə xidmət edəcəyini vurğulayıb.
Müşavirənin XI iclasının yekunları üzrə qəbul olunan Memorandumda təhlükəsizlik orqanlarının və kəşfiyyat xidmətlərinin rəhbərləri MDB ölkələrinin xarici təhlükəsizliyinə mümkün təhdidlərə qarşı keyfiyyətli və dövrün tələblərinə uyğun mübarizənin aparılması məqsədilə gələcəkdə daha yeni və səmərəli iki və çoxtərəfli qarşılıqlı əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi və genişləndirilməsi işində qətiyyətli olduqlarını bəyan ediblər.

Sonda MDB iştirakçı dövlətlərin Təhlükəsizlik Orqanları və Kəşfiyyat Xidmətləri Rəhbərləri Müşavirəsinin XII iclasının Tacikistanın Düşənbə şəhərində keçirilməsi qərara alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə