Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına 2010-cu ildə QHT-lərə növbəti maliyyə yardımı müsabiqəsi ilə bağlı 3 təşkilatdan apellyasiya müraciəti daxil olub. SİA-ya açıqlamasında bu haqda QHT-lərə Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanov məlumat verib.
Apellyasiya müraciətləri ilə həmin təşkilatların müsabiqədən keçməmə səbəbini öyrənməyə çalışdıqlarını deyən F.Qurbanov bildirib ki, müraciətlər müvafiq komissiya tərəfindən yaxından araşdırılır. O, yaxın günlərdə müraciətlərə lazımı cavabın veriləcəyini dilə gətirib: "Daxil olunan müraciətlərlə bağlı komissiyanın hər bir üzvünün öz təklifləri olacaq. Bu təkliflərin hamısı iclasda həmin təşkilatların diqqətinə çatdırılacaq və onların iştirakı ilə yekun qərar qəbul olunacaq".
Müsabiqədə ayrılan vəsaitin azlığı ilə bağlı şikayətlənənlərə cavab olaraq Katibliyin icraçı direktoru diqqətə çatdırıb ki, Şura reallığı nəzərə alaraq ən zəruri işlərin həyata keçirilməsi üçün vəsait ayırıb: "Elə təşkilatlar var ki, 8 min manatlıq layihə təqdim edir və layihənin icra müddəti 6 aydır. Halbuki həmin layihəni daha qısa müddətə icra etmək mümkündür. Yaxud da layihədə göstərilən işləri yerunə yetirmək üçün qeyd olunandan daha az adam kifayət edir. Məlum olur ki, qısamüddətli maarifləndirmə kampaniyaları üçün iki deyil, bir kompüter də kifayətdir. Hesab edirəm ki, bütün bunları araşdıran Şura müvafiq qərar qəbul edib".
Layihələrin qiymətləndirmə prosesində həm dövlət, həm də müstəqil ekspertlərin iştirak etdiyini deyən F.Qurbanov qeyd edib ki, hər iki ekspert qrupunun layihəyə verdiyi ballar toplanaraq ikiyə bölünür. O, bununla belə ekspertlərin layihəyə verdiyi qiymətin həlledici deyil, tövsiyə xarakterli olduğunu söyləyib. QHT-lərə Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru həm 40 baldan yuxarı, həm də 40 baldan yuxarı bal toplayan layihələrin Şuraya təqdim edildiyini və son qərarın orada çıxarıldığını vurğulayıb.
Qeyd edək ki, QHT-lərə Dövlət Dəstəyi Şurası 2010-cu ildə QHT-lərə növbəti maliyyə yardımı müsabiqəsini yekunlaşdırıb. Müsabiqəyə daxil olan 210 layihədən qalib olaraq 65-i seçilib. Şura katibliyinin apardığı ilkin seleksiya zamanı 65 təşkilatın təqdim etdiyi sənədlərdə çatışmazlıqlar və müsabiqə şərtlərinə uyğunsuzluqlar aşkar edilərək bu layihələr ekspertizaya göndərilməyib. 145 QHT-nin layihə təklifləri ekspertizaya təqdim edilib. Hər bir layihə iki ekspert tərəfindən qiymətləndirilib.
Katiblik ekspertizadan keçmiş hər bir layihə üzrə arayış hazırlayaraq Şuranın müzakirəsinə təqdim edib. Maliyyə yardımı haqqında son qərarı qəbul etmək üçün Şura ekspertlərin rəyini, layihənin aktuallığını, ictimai əhəmiyyətini və əvvəlki müsabiqələrdə QHT-nin həyata keçirdiyi layihələrin icra vəziyyətini nəzərə alıb.
QHT-lərə növbəti maliyyə yardımı müsabiqəsi üçün ilkin mərhələdə 175 min manat vəsaitin ayrılması nəzərdə tutulurdu. Lakin Şura bir sıra layihələrin ictimai əhəmiyyətini nəzərə alaraq, bu vəsaitin daha 78 min manat həcmində artırılmasını mümkün sayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB