"İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikası qanununun layihəsi vacibdir, qəbul olunmalıdır. Lakin II oxunuşda müəyyən məsələlərlə bağlı təkliflərin edilməsinə ehtiyac var”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov "İşsizlikdən sığorta haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
Deputat qanun layihəsində işsizlik anlayışının başa düşülən tərzdə verilməsini təklif edib: “Beynəlxalq aləmdə işsizlik sözünün mənası bir formada verilir. Lakin bizdə işsizlik deyəndə başa düşülən anlayış düzgün deyil. Misal üçün birinin 50 hektar torpağı var, lakin dövlət qurumunda işləmirsə deyir ki, işsizəm. Bundan başqa Azərbaycanda istehsal müəssisəsi, kiçik biznesi olanlar da deyir ki, dövlətdən əmək haqqı almıramsa demək işsizəm. Bu düzgün deyil. Bu baxımdan hesab edirəm ki, qanun layihəsində işsizlik anlaşıyışının mənası ciddi şəkildə qoyulmalıdır və bu anlayışın kimlərə şamil olduğu bildirilməlidir”.
S. Novruzov çıxışı zamanı işsizlərin gələcəkdə pensiya məsələsini də önə çəkib: "Qanunda işsizlərin gələcək pensiyaları ilə bağlı məsələ öz əksini tapmalıdır. İşsizliyin gələcəkdə sığortalanmasının hansı formada keçiriləcəyi açıqlanmalıdır. Neçə ildir ki, mən pensiyaların hesablanması qaydasının necə keçirildiyini anlaya bilmirəm”.
Sosial ünvanlı yardımların verilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təkmilləşdirmə işlərinin aparıldığını qeyd edən deputat söyləyib ki, buna baxmayaraq, hələ də ünvanlı sosial yardım alan şəxslərin siyahısı açıqlanmır: “Bəzən deyilir ki, bu adların açıqlanması insanların hüquqlarını poza bilər. Biz insanları ələ baxımlılığa öyrətməməliyik. Bu baxımdan işsizlikdən sığorta məsələsində də ölçülər düzgün götürülməlidir. Bəzən sahibkarlar işçilərlə müqavilə bağlamırlar. Bu da insanların gələcək təminatında problemlər yarada bilir. Bu baxımdan insanlar bu məsələyə diqqət etməlidirlər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB