“Demokratiya” Seçki Bloku 110 dairə üzrə namizədləri müəyyənləşdirib

“Demokratiya” Seçki Bloku 110 dairə üzrə namizədləri müəyyənləşdirib

"Demokratiya" Seçki Blokuna daxil olan Vətəndaş Həmrəyliyi (VHP) və Demokratik İslahatlar Partiyası (DİP) 110 dairə üzrə namizədlər siyahısında razılığa gəlib. SİA-ya açıqlamasında bu haqda VHP Siyasi Şuranın üzvü Samir Əsədli məlumat verib. O, 4 seçki dairəsinin mübahisəli olaraq qaldığını bildirib. Həmin dairələr 50 saylı Qobustan-Xızı-Quba, 70 saylı Masallı şəhər, 71 saylı Masallı kənd və 87 saylı Ağsu-İsmayıllı seçki dairələridir. S.Əsədli iki partiya sədrinin görüşündə də bu məsələnin həllini tapacağını deyib.

 

VHP Siyasi Şuranın üzvü irəli sürülən namizədlərin 75-nin təmsil etdiyi partiyaya, qalanının isə DİP-ə məxsus olduğunu söyləyib. Blokun qeydiyyata alınması ilə bağlı sentyabrın 9-da Mərkəzi Seçki Komissiyasına müraciətin edildiyini deyən VHP funksioneri Seçki Məcəlləsinə uyğun olaraq qeydiyyat məsələsinə 5 gün ərzində baxılmalı olduğunu qeyd edib.

 

S.Əsədli seçki dairələri ilə bağlı bir sıra dəyişikliklərin də olduğunu vurğulayıb: "32 saylı Suraxanı üçüncü seçki dairəsi Vətəndaş Həmrəyliyi Partiyasında idi. 8-9 seçki dairələri isə mübahisəli olaraq qalmışdı. 32 saylı seçki dairəsini Demokratik İslahatlar Partiyasına güzəştə getməklə 8-9 saylı seçki dairələrində namizəd irəli sürmək hüququna sahib olduq".

Bütün xəbərlər Facebook səhifəmizdə