TÜRKPA-nın Baş katibi Belarusun ölkəmizdəki səfiri ilə görüşüb

Bu gün Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsənov TÜRKPA Katibliyinin Ofisində Belarus Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Nikolay Patskeviç ilə görüşüb.

TÜRKPA-nın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, qonağı salamlayan R.Həsənov Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə parlament rəhbərlərinin 21 noyabr 2008-ci il tarixində "İstanbul Sazişi"ni imzalaması ilə təsis olunmuş TÜRKPA-nın fəaliyyəti və əsas məqsədləri haqqında geniş məlumat verib.

Daha sonra beynəlxalq əməkdaşlıq çərçivəsində ATƏT PA, AŞPA, NATO PA, Avropa Parlamenti, Avropa Parlamentinin İnkişaf Ofisi, Cənubi Avropa Ölkələrinin Parlament Assambleyası, MDB PA, İKT PA, Beynəlxalq Parlamentlər Birliyi, Beynəlxalq Parlamentlərin Baş Katiblərinin Assosiyasiyası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası (QDİƏT PA), Asiya Təhlükəsizlik və Əməkdaşlıq Şurası və digər beynəlxalq təşkilatlarla əməkdaşlığın qurulması, qarşılıqlı fəaliyyət, müşahidəçi statusunun alınması ilə bağlı fəaliyyətləri N. Patskeviçin diqqətinə çatdırılıb.

N. Patskeviç TÜRKPA Baş katibinə geniş və ətraflı məlumat verdiyi üçün təşəkkür etmiş, Assambleyanın yaranması, TÜRKPA Katibliyinin fəaliyyətinə önəm verdiyini və hər zaman dəstəkləyəcəyini söyləyib və TÜRKPA Beynəlxalq Katibliyinin məhz Azərbaycanda yerləşməsinin bir daha ölkənin regionda yüksək nüfuza sahib olmasından xəbər verdiyini bildirib.

İqtisadi əlaqələrə toxununan N.Patskeviş Azərbaycanla Belarus arasında ticarət dövriyyəsinin artdığını və gələcəkdə də bu şəkildə davam etməsinə ümüd verdiyini nəzərə çatdırıb.

Görüşün sonunda TÜRKPA adından N. Patskeviçə Assambleyanın müvafiq sənədlər toplusu və xatirə hədiyəsi təqdim olunub.

Sonda səfir öz ürək sözlərini xatirə dəftərinə yazıb.

Bütün xəbərlər Facebook səhifəmizdə