Milli Məclisə seçkilərdə səsvermə günü istifadə edilən şəxsiyyəti təsdiq edən sənədlərin siyahısı

Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycan Milli Məclisinə seçkilərdə səsvermə günü istifadə edilən sənədlərin siyahısını açıqlayıb. MSK-nın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Azərbaycan Respublikasının ərazisində səsvermə günü aşağıdakı sənədlərdən istifadə edilir:

Azərbaycan respublikasının vətəndaşları üçün: Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi;

Azərbaycan Respublikası vətəndaşının müvəqqəti şəxsiyyət vəsiqəsi.

Qaçqınların və məcburi köçkünlərin şəxsiyyətlərini təsdiq edən sənəd yoxdursa, Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən müəyyənləşdirilmə formalı vəsiqədən istifadə oluna bilər. Həqiqi və ya müddətli hərbi xidmətdə olan hərbi qulluqçular üçün isə istifadə oluna biləcək sənədlər bunlardır: zabitin şəxsi vəsiqəsi, hərbi bilet.

Barələrində həbs növündə qətimkan tədbiri seçilərək istintaq təcridxanalarında saxlanılan təqsirləndirilən şəxslər üçün isə Ədliyyə Nazirliyi Penitensiar Xidməti tərəfindən verilmiş təqsirləndirilən şəxsin şəxsiyyətini təsdiq edən sənəd müəyyənləşdirilib.

Azadlıqdan məhrumetmə yerlərində və xüsusi müəssisələrdə cəza çəkən məhkumlar üçün Penitensiar Xidməti tərəfindən verilmiş məhkumun şəxsiyyətini təsdiq edən sənəddən istifadə olunacağı göstərilib.

Azərbaycan ərazisində azı 5 il daimi yaşayan vətəndaşlığı olmayan şəxslər üçün isə vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsindən istifadə edilə bilər.

Qeyd olunub ki, seçki prosesində yuxarıda göstərilən sənədlərdən başqa, digər sənədlərdən istifadə olunması yolverilməzdir.

Bütün xəbərlər Facebook səhifəmizdə