Ziyafət Əsgərov: “Ermənistana məsləhət görürəm ki, ağıla gəlsin" - AÇIQLAMA

Ziyafət Əsgərov: “Ermənistana məsləhət görürəm ki, ağıla gəlsin" - AÇIQLAMA
Rusiya SSRİ-nin xələfi kimi Dağlıq Qarabağ münaqişəsinin həllində rolunu daha da artırmalıdır. SİA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov bildirib. Onun sözlərinə görə, Rusiya prezidenti Dmitri Medvedevin Azərbaycana səfəri zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsində Rusiya öz mövqeyini izah elədi: "Hesab edirəm ki, Rusiya prezidenti bundan sonra da mənəvi öhdəliklərdən danışacaq. Minsk qrupunun həmsədri kimi SSRİ-nin xələfi kimi Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın rolu daha da artmalıdır. Çünki Dağlıq Qarabağ problemi SSRİ dövründən bizə miras qalıb. Rusiyanın da SSRİ-nin varisi kimi Dağlıq Qarabağ probleminin həllində üzərinə böyük məsuliyyət düşür. Ümidvaram ki, cənab Medvedevin burada verdiyi bəyanatları əməldə də görə biləcəyik".

Medvedevin Azərbaycana səfərini yüksək qiymətləndirən Z.Əsgərov bildirib ki, Azərbaycan və Rusiya sərhədlərinin tam tanıdılması baxımından səfər böyük əhəmiyyət kəsb edib: "Bilirsiniz ki, Azərbaycanla Rusiya arasındakı sərhəd məsələsində müəyyən çətinliklər yaranmışdı. Bizim mütəxəsislərin bu sahədə apardıqları işlər nəticəsində böyük nailiyyətlər əldə olunub. Bu zəmində Azərbaycan və Rusiya dövlət başçılarının göstərdiyi səylər nəticəsində sərhədlərin tam tanınması ilə bağlı imzalanan sənəd məsələyə nöqtə qoydu".

Vitse-spiker həmçinin NATO-nun payız sessiyasında Dağlıq Qarabağ məsələsinin müzakirə olunacağını da qeyd edib: "Biz bununla bağlı NATO Parlament Assambleyasının başçısı Cons Hayler və onun müavinləri ilə 1 saat görüş keçirdik. 1993-cü ildən bu yana kimi Ermənistan- Azərbaycan, Dağlıq Qarabağla bağlı bütün sənədlər hansı səviyyədə qəbul olunubsa, hamısını ona tədqim etdik. Dağlıq Qarabağla bağlı müzakirələrin əleyhinə olan Ermənistanın nümayəndə heyətinin etirazları heç bir nəticə vermədi".

Z.Əsgərov həmçinin BMT-də Azərbaycan tərəfindən irəli sürülən qətnaməyə də münasibət bildirib: "BMT-də qəbul olunacaq qərar Ermənistanı bir daha düşünməyə vadar edəcək. Çünki Ermənistanın getməyə heç bir yeri yoxdur. Dəfələrlə demişəm və indi də deyirəm ki, divar artıq qurtarıb. İndi Ermənistan qərar qəbul edib işğal altında olan torpaqlarımızı boşaltmalıdır. Ermənistana məsləhət görürəm ki, ağıla gəlsin. Çünki başqa bir dövlətin ərzisini işğal etmək uzun sürə davam edə bilməz".

Bütün xəbərlər Facebook səhifəmizdə