Mübariz Qurbanlı: “Rusiya ilə Azərbaycan arasında imzalanacaq hər bir sənəd Dağlıq Qarbağ probleminin həllinə bu və ya digər formada öz təsirini göstərəcək” - MÜNASİBƏT

"Rusiya siyasətçilərinin, siyasi xadimlərinin ölkəmizə hər bir səfəri Azərbaycan Rusiya münasibətlərinin inkişafına müsbət təsir göstərən hadisədir". Bu sözləri SİA-ya millət vəkili Mübariz Qurbanlı Rusiya prezidentinin ölkəmizə səfəri ilə bağlı açıqlamasında deyib. Millət vəkili bildirib ki, Azərbaycanla Rusiya strateji tərəfdaşlıq səviyyəsində münasibətlərə malik olması ilə yanaşı Müstəqil Dövlətlər Birliyi çərçivəsində də əməkdaşlıq edir. Onun sözlərinə görə, Rusiya prezidenti Dmitri Medvedevin Azərbaycana səfəri Azərbaycan-Rusiya münasibətlərində irəliyə doğru inkişaf edəcək bu və ya digər sənədlərin imzalanması ilə müşahidə olunacaq.

Rusiya prezidentinin böyük bir heyətlə ölkəmizə səfər edəcəyini dilə gətirən millət vəkili söyləyib ki, səfər çərçivəsində dost ölkə ilə Azərbaycan arasında sərhədlərin delimitasiyası ilə əlaqədar sənədlərin imzalanması, həmçinin iqtisadi xarakterli bir sıra razılaşmaların əldə ediləcəyi gözlənilir. M.Qurbanlı vurğulayıb ki, bütövlükdə bu səfər çox mühüm əhəmiyyət kəsb edir.

"Rusiya prezidentinin ölkəmizə səfəri Azərbaycan Rusiya münasibətlərində irəliləyə doğru bir addım hesab olunacaq. Rusiyanın siyasi dairələrinin, politoloqlarının, ictimai rəyində və Rusiaya mətbuatında bu səfər çox yüksək qiymətləndirilir. Hamıya bəllidir ki, Rusiya Qafqaz bölgəsində böyük nüfuza malik olan, eyni zamanda ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi Ermənistanın Azərbaycana təcavüzü ilə yaranmış olan Dağlıq Qarabağ münaqişəsinin həll edilməsinə öz töhfəsini verməyə qadir olan ölkədir. Bundan əlavə, Rusiyanın Ermənistan üzərində böyük təsiri var və o da bəllidir ki, Rusiya Ermənistana təsir etməklə münaqişənin sülh yolu ilə həll edilməsi üçün kifayət qədər addımlar atmaq iqtidarındadır. Ona görə də hesab edirəm ki, prezident İlham Əliyevin praqmatik, hücumçü diplomatik siyasəti, düşünülmüş siyasi xətti, ulu öndər Heydər Əliyev tərəfindən başlanan siyasət bu gün də davam edir. Şimal qonşumuz olan Rusiya ilə Azərbaycan arasında imzalanacaq hər bir sənəd bizim münasibətlərimzə təkan verməklə bərabər üzləşdiyimiz ən ağır problemin - Dağlıq Qarbağ probleminin həllinə də bu və ya digər formada öz təsirini göstərəcək",- deyə millət vəkili qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə