Qabil Hüseynli: “Rusiya Ermənistanda etdiyi səhvi düzəldə biləcək addımlar atmaq, Azərbaycanın könlünü almaq iqtidarında deyil” - MÖVQE
"Rusiya prezidenti Dmitri Medvedevin Azərbaycana səfərindən ciddi gözləntilərim yoxdur". SİA-ya açıqlamasında bu sözləri deyən politoloq Qabil Hüseynli Rusiya prezidenti Dmitri Medvedevin 2 gün sonra Azərbaycana gözlənilən səfərinə ümidlə baxanlardan fərqli düşünür.
Rusiya prezidentinin Ermənistana səfərində çox mühüm müqavilələrin imzalanmasının onun Azərbaycana səfəri üçün nikbin olmağa əsas vermədiyini bildirən politoloqun fikrincə, Rusiyanın Azərbaycanla hərbi sahədə hər hansı bir müqavilə imzalaması mümkünsüz görünür: "İqtisadi xarakterli, silah satışı ilə bağlı müəyyən müqavilələr imzalana bilər. Amma bütün bunlar rəsmi Moskvanın Ermənistanla bağladığı müqavilələri, İrəvana verdiyi dəstəyi konpensasiya etmir. Rusiya Azərbayacana strateji tərəfdaşlıqla bağlı müqavilə bağlamağı təklif edir. Həmçinin, Azərbaycanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına da dəvət edir. Amma işğalçı, eyni zamanda işğalçını dəstəkləyən bir dövlət ilə eyni hərbi blokda təmsil olunmaq qeyri-mümkündür. Rusiyanın Ermənistanla bağladığı strateji tərəfdaşlıq müqaviləsi özündə çox geniş və ciddi hərbi məsələləri ehtiva edirsə, Azərbaycanla imzalanacaq strateji tərəfdaşlıq haqqında anlaşma isə silah satışından uzağa gedə bilməyəcək. Azərbaycan heç buna da razı deyil".
Q.Hüseynli hesab edir ki, Rusiya Azərbaycandan fərqli olaraq Ermənistana daha müasir silahlar təklif edir: "Rusiya Ermənistana yüksək texnologiya ilə təmin olunmuş gecə görmə qabiliyyətinə malik olan tanklar, müasir tipli təyyarələr olan "MİQ 31-A", "SU-29"-i təklif edirsə, Azərbaycana bu cür silahlar təklif edilmir. Digər tərəfdən Azərbaycan Rusiyanın silahına möhtac deyil. Azərbaycan öz ehtiyaclarını digər mənbələrdən daha müasir silahlarla təmin edə bilər. Bu gün Rusiya Ermənistanda etdiyi səhvi düzəldə biləcək addımlar atmaq, Azərbaycanın könlünü almaq iqtidarında deyil. Ola bilər ki, diplomatik jestlər, gülüşlər olsun".
Ermənistan prezidenti Serj Sarkisyanın Xankəndinə səfərinə və orada "Dağlıq Qarabağ heç bir zaman Azərbaycanın olmayacaq" deməsinə də toxunan politoloq bu səfərin D.Medvedevin Azərbaycana səfəri ilə uzlaşdığını bildirib: "Sarkisyanın səfərinin Medvedevin Azərbaycana səfəri ərəfəsində həyata keçirilməsi diqqət çəkir. Erməni tərəfinə aydındır ki, Azərbaycanda müəyyən siyasi bəyanatlar səsləndiriləcək. Bu siyasi bəyanatların təsir gücünü azalmaq üçün bu cür açıqlamalar verilir".
Sentyabr ayının 20-22-də Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 65-ci sessiyası çərçivəsində "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət"lə bağlı qətnamənin gündəmə çıxarılmasının da mühüm əhəmiyyət daşıdığını deyən Q.Hüseynli Rusiyanın Ermənistanla bağladığı müqavilədən sonra bölgədə yaranmış vəziyyətin müzakirə olunacağını söyləyib: "Rusiyanın yeni bazaları yaratması, bu bazalardakı şəxsi heyətin yeni silahlarla təmin edilməsi, sülh üçün yaranmış təhlükə, münaqişənin yenidən alovlaması ehtimalı və sair kimi məsələlər haqqında Azərbaycan arayış təqdim edəcək. Güman edirəm ki, bu arayış Baş Assambleyada çoxlarının diqqətini cəlb edəcək. Bölgədə yaranmış vəziyyəti obyektiv şəkildə özündə əks etdirən və Rusiyanın addımlarına da qiymət verəcək bir qətnamənin qəbul olunacağına şübhə etmirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB