Biznesmenlər üçün treninqler keçirilir

İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi sahibkarların və sahibkarlıq fəaliyyətinə yeni başlamaq istəyənlərin maarifləndirilməsi, onlara zəruri nəzəri biliklərin, praktiki bacarıqların, beynəlxalq təcrübənin aşılanması, həmçinin sahibkarlara tədris-metodiki, innovasiya və konsaltinq xidmətlərinin göstərilməsi istiqamətində tədbirlərini davam etdirir. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Ağstafa rayonunun Poylu kəndində Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı, Ağstafa Rayon İcra Hakimiyyətinin dəstəyi ilə sahibkarlar üçün "Biznesdə risklərin idarə edilməsi" mövzusunda treninq keçirilib.

Tədbirdə Bakı Biznes Tədris Mərkəzinin, Ağstafa Rayon İcra Hakimiyyətinin nümayəndələri və 10-dan çox fermer iştirak edib. Treninqdə risklərin mahiyyəti və məzmunu, risklərin idarə edilməsi sistemi, biznesdə risklərin azaldılması yolları, risklərin idarə edilməsi və biznesin sığortalanması barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib.

Tədbir çərçivəsində həmçinin, fermerlərə metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb. Bakı Biznes Tədris Mərkəzi sahibkarların məlumatlandırılması məqsədilə digər rayonlarda da tədbirlər keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə